Son illər dünyada reklamların daha çox sosial mediada yerləşdirilməsi müşahidə edilir. Monitorinqlər göstərir ki, vətəndaşların əhəmiyyətli hissəsi informasiyanı sosial şəbəkələr vasitəsilə almağa üstünlük verir. Nəticə etibarı ilə auditoriya genişləndiyi üçün şirkətlər də öz reklamlarını sosial şəbəkələrdə yerləşdirməkdə maraqlıdırlar.
Vüqar Bayramov: "Biznesləri mediada reklam verməyə təşviq etmək lazımdır"
FED.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, bu vəziyyət bütün dünya ölkələrində müşahidə olunur.
“Yəni bütün dünyada sosial şəbəkələrin reklam payı daha çoxdur. Oxşar tendensiya Azərbaycanda da müşahidə olunur. Azərbaycanda televiziya və radioların illik reklam gəlirləri 43 milyon manatdan bir qədər artıqdır. Bu məbləğin təxminən 36 milyon manatı televiziyaların payına düşür. Yazılı mediada reklam həcmi isə kifayət qədər azdır”, - deyə V.Bayramov qeyd edib.
Onun sözlərinə görə, ilkin monitorinqlərin nəticələri göstərir ki, sosial media audivizual və yazılı mediadan təqribən 3 dəfədən çox artıq reklam cəlb edir ki, bu da təqribi olaraq illik 200 milyon manat yaxın vəsait deməkdir.
“Burada dəqiq rəqəm söyləmək çətindir, çünki sosial şəbəkələrdə reklama xərclənən vəsaitin dəqiq həcmini müəyyən etmək mexanizmi yoxdur. Növbəti illərdə də sosial şəbəkədə reklam yerləşdirmək tendensiyası davam edəcək çünki bu, qlobal bir tendensiyadır”, - deyə deputat əlavə edib. (Trend)