Azərbaycandakı texnologiya parklarında və sənaye zonalarında süni intellekt texnologiyaları istehsal olunacaq.
FED.az xəbər verir ki, bu Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi "2025–2028-ci illər üçün süni intellekt Strategiyası"nda öz əksini tapıb.
Bu məqsədlə texnologiya parklarına və sənaye zonalarına süni intellekt texnologiyalarını istehsal edən rezidentlərin cəlb edilməsi nəzərdə tutulub.
Strategiyaya əsasən, Azərbaycanda süni intellekt sahəsində əlverişli biznes mühitinin yaradılması uçun yerli və xarici investisiyaların müəyyən edilmiş prioritet sektorlara cəlb olunması, müəyyən edilmiş prioritet sektorlar üzrə azı 3 pilot layihənin həyata keçirilməsi, sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələrinin hazırlanması, azı 50 sahibkarlıq subyektinə güzəştli kredit verilməsi planlaşdırılır.
Prioritet sektorların siyahısı hazırlanacaq
Azərbaycanda süni intellekt üzrə prioritet sektorların və müvafiq sektor üzrə məsul dövlət orqanlarının siyahısı hazırlanacaq.
Strategiyada süni intellektin idarə edilməsinin inkişafı və təkmilləşdirilməsi məqsədilə dövlət orqanlarının bu sahədə potensialının və resurslarının qiymətləndirilməsi, müəyyən edilmiş hər bir prioritet sektor üzrə dövlət orqanları tərəfindən fəaliyyət planlarının hazırlanması nəzərdə tutulur.
Eyni zamanda məsuliyyətli və etik süni intellekt üzrə normativ hüquqi bazanın yaradılması, süni intellekt sistemlərinin dizaynı, tətbiqi və istifadəsi zamanı fərdi məlumatların mühafizəsi ilə bağlı risklərin müəyyən edilməsi və qarşısının alınması qaydalarının və süni intellekt üzrə ən azı 3 dövlət standartının hazırlanması planlaşdırılır.