Azərbaycada çatdırılma xidmətləri bazarını tamamilə dəyişəcək mühüm yenilik baş verib. Ölkədə ilk dəfə «kuryerlərin «Uber»i yaradılıb. İstənilən şəxsin kuryer kimi işləməsinə imkan verən sistemi «11 Delivery» kuryer xidməti startapı qurub. Bir neçə gün əvvəl Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) «11 Delivery» kuryer xidmətinə startap şəhadətnaməsi verib. Startapın iş prinsipi, yaradacağı imkanlar və investorlara münasibətini FED.az-a şirkətin sahibi Mehman Qaraxani açıqlayıb.
- Mehman bəy, indi Azərbaycanda çatdırma xidməti ilə məşğul olanların sayı çoxdur, amma ilk dəfədir hamıya kuryer kimi işləməyə imkan verən sistem yaradılıb. Bu ideyaya necə gəldiniz?
- Bir neçə il əvvəl onlayn ticarətlə, yəni internet üzərindən satışla məşğul olurdum. Həmin vaxt ən çox problemlə üzləşdiyimiz məsələ çatdırılma ilə bağlı idi. Müştəridən sifarişi qəbul edirdik, amma çatdırmada çətinlik çəkirdik. Məhsulumuzu çatdırması üçün kuryer axtarırdıq, elə bu problemlərə görə işimizi saxlamalı olduq. Amma bu proses zamanı bazardakı boşluğu da gördük, ona görə bazara daxil olmaca qərar verdik.
- Bazara daxil olmaq çətin olmadı?
- Bizim taksi şirkəti ilə əməkdaşlığımız vardı. Yaxın sahə olduğu üçün taksi şirkətinin resurslarından istifadə edərək heç bir investisiya etmədən bazara daxil olduq. Mövcud taksi proqramına cüzi dəyişiklik edərək onu kuryer xidmətinə uyğunlaşdırdıq. Yəni Rusiyanın proqramını onlardan icarəyə götürüb istifadə edirik. Öz proqramımızı da hazırlayırıq, bir neçə aya işlər yekunlaşacaq və öz məhsulumuzu yerli bazara əlavə edəcəyik.
- Mehman bəy, 11 delivery sistemi necə işləyir, iş prinsipi necədir?
- Biz aqreqator formatında kuryer xidmətini təqdim edirik. Yəni fiziki şəxslər, hansı ki, kuryer kimi fəaliyyət göstərmək istəyirlər, bizim proqrama qoşularaq kuryerə ehtiyacı olan şəxslərə xidmət edirlər. Bunun üçün tətbiqi telefona yükləyib qeydiyyatdan keçmək lazımdır. Sifariş olduqda isə müraciətə uyğun olaraq ən yaxın kuryer təyin olunur.
Proses, yəni malın çatdırılması - təhvil-təslim 1-2 saat daxilində yekunlaşır. Biz ənənəvi kuryer xidmətindən fərqlənirik.
- Fərq nədədir?
- İndiyədək işləyən ənənəvi çatdırılma xidmətlərində mal əvvəlcə sifarişçidən alınıb ofisə aparılır, sonra ünvana göndərilir. Kuryer məhsulu ofisə aparır, çeşidləyir və başqa bir kuryer çatdırılma edir. Bunlar isə əlavə vaxt itkisi deməkdir. Bizdə isə kuryer məhsulu götürüb birbaşa çatdırma edir və bu daha sürətli və daha münasib qiymətə başa gəlir.
- Təxminən «Uber»də olduğu kimi, eləmi?
- Bəli, buna «Uber»in kuryer variantı da deyə bilərik.
- Bu xidmət daha çox kimlər üçündür, yəni daha çox kimlərin kuryer kimi işləməsinə uyğundur?
- Biz ilk növbədə boş vaxtlarda işləmək istəyən tələbə tələbatını nəzərə aldıq. Kuryerlər boş vaxtlarında bizə qoşulub əlavə gəlir əldı edə bilərlər. Təbii ki, istənilən şəxs qoşula bilər, amma əsasən tələbələr, növbəli iş rejimində xidmət göstərənlər üçün əlavə qazancdır.
- Kim istəsə kuryer işləyə bilər, yoxsa sizinlə müqavilə əsasında işləməlidir, VÖEN açdırmalıdır?
- Bəllidir ki, bunlar bizim tələb deyil, dövlət qanunvericiliyinin tələbidir ki, biznes fəaliyyəti ilə məşğul olan hər kəsin VÖEN açdırması və müqavilə bağlanması lazımdır. Bu qanunlara da riayət etmək lazımdır.
- Sistemdə qeydiyyatdan keçən kuryerləriniz çoxdur?
- Pandemiyada daha çox çatdırılma edirdik, kuryerlərimiz daha çox idi. Lakin sonra sifarişlərin sayı azaldığına görə, kuryerlərin sayında da azalma müşahidə olundu.
- Bəs əsas müştəriləriniz kimlərdir – mal alanlar, yoxsa satanlar?
- Bizim müştərilərimiz əsasən elektron ticarətçilər, yəni onlayn mal satanlardır. Adətən malı çatdırmaq da satan tərəfin üzərinə düşür. Ona görə də onlaryn kuryerlərə ehtiyac var. Belələri adətən fərdi kuryerlərə zəng edib məşğul olmayan kuryer axtarırlar. Bizdə isə müştəri sadəcə sifarişi daxil edir və biz ən yaxın kuryeri ona yönləndiririk.
- Qiymətləri siz təyin edirsiniz, yoxsa kuryer özü bidirir?
- Xeyr, qiymətlər biz tərəfdən müəyyən edilir. Bizim qiymətimiz normal bazar qiymətilə müqayisədə ən aşağı sıralarda mövqelənib. İlk 6 km üçün 3 manat ödəniş alırıq. Növbəti hər km-ə görə məbləğə 0,25 manat əlavə olunur. Bu isə bazarda ən optimal qiymətlərdən biridir.
- Sizin kuryer sisteminiz ölkənin hansı ərazilərində işləyir?
- Çatdırılmamız şəhərdaxili, Bakı şəhəri və ətraf ərazilərədir. Yəni istənilən məhsulu Sumqayıt, Abşeron yarımadası, Bakı kəndləri ərazisində çatdıra bilirik.
- Hansı yükləri daşıyırsınız – çəki və ya ölçü limitləri varmı?
- Bizdə yalnız qeyri-qida məhsullarının çatdırılma xidmətidir. Qida məhsulunun çatdırılması başqa bazardır və biz bununla məşğul deyilik. Sənədlər, bağlamalar, xüsusilə elektron ticarətə istiqamətlənmişik. Yəni onlayn sifarişi - internetdə alınan məhsulları çatdırırıq.
O ki qaldı limitlərə, bəli, çatdırdığımız məhsullar əsasən 5 kq-a qədər və qabaritləri də 50 sm-dən çox olmayaraq qəbul olunur.
- Məhsulun sağ-salamat çatdırılmasında məsuliyyət kimin üzərindədir – sizin, yoxsa kuryerin?
- Çatdırdığımız hər bir məhsula görə məsuliyyətimizi bilirik. Zədələnmə, itmə və s. neqativ hallarda biz cavabdehlik daşıyırıq.
- Startap kimi formalaşanda, sizə dəstək verən oldumu?
- Bu günə kimi Elmlər Akademiyasının Yüksək Texnlogiyalar Parkında, Sahibkarlığın İnkişafı Fondunun İnkubasiya Mərkəzində, İnnoland İnkubasiya Mərkəzlərində inlubasiya və akselerasiya proseslərindən keçmişik. 2019-cu ildə «Yeni Fikir» yarışmasının qaliblərindən biri olmuşuq.
Ümid edirəm yaxın vaxtlarda öz proqramımızı yerli bazara daxil edəcəyik. Ondan sonra sürətli şəkildə böyüməyi, bazardan daha çox pay götürüb Yaxın Şərq və Orta Asiya ölkələrinə uyğun bazarlara açılmaq istəyirik.
- Azərbaycanda çatdırılma xidmətləri bazarının həcmi nə qədərdir, bunu araşdırmısınız?
- Bazar məsələsi – logistika sektoru həmişə qlobal problemdir. Xüsusilə də çatdırılmanın son hissəsindən söhbət gedir. Bazar kifayət qədər genişdir. Dünyada çatdırılma xidmətləri bazarının həcmi milyard dollarlarla ölçülür. Azərbaycanda da bu bazarın illik həcmi 15-20 milyon manatdır. Hazırda qeyri-qida məhsullarının çatdırılması bazarında hələ ki, boşluq var.
- Ümumiyyətlə startap olaraq investisiya cəlb etmək fikriniz varmı?
- Bəli, dediyim kimi, bazarda böyük boşluq var. Ona görə də investisiya cəlbinə maraqlıyıq. Bir çox potensial investorlarla danışıqlarımız olub. Hazırda layihə özümüzə məxsusdur, heç bir investor yoxdur. İnvestisiyaların cəlbi ilə bağlı danışıqlarımız olub, indi də danışıqlar gedir. Amma hələlik optimal investorla razılığa gəlməmişik.
- Minimum investisiya nə qədər ola bilər?
- Bu, investorun maliyyə gücündən deyil, qarşılıqlı motivasiya tərəflərindən asılıdır. Biz dəyərləndirmənin maksimum 15-20 faizi miqdarında investisiya qəbul edə bilərik. Yəni biznesin 80-85 faizini əlimizdə saxlamaq istəyirik. Bir neçə investorla da bu istiqamətdə danışıqlarımız gedir.