Azərbaycanda ölkədə istifadə olunan rəqəmsal xidmətlər bazarının vergiyə cəlb edilməsi prosesi davam edir.
“Netflix”, “eBay” və “Anthropic” Azərbaycanda vergi uçotuna alınıb
FED.az xəbər verir ki, söhbət beynəlxalq şirkətlərin Azərbaycanda ƏDV məqsədləri üçün vergi qeydiyyatından keçməsindən gedir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir neçə tanınmış şirkətin - «OpenAI OpCo LLC», «Zoom Communications Inc» və «Zoho Corporation B.V.» şirkətlərini elektron qaydada vergi uçotuna alıb. Şirkətlərin ƏDV məqsədləri üçün qeydiyyatı 1 sentyabr 2026-cı ildən qüvvəyə minəcək.
Dəyişiklik Azərbaycan Vergi Məcəlləsinə bu il edilmiş yeniliklərlə bağlıdır. Yeni qaydaya görə, Azərbaycanda fiziki şəxslərə elektron xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını keçən qeyri-rezident rəqəmsal xidmət təchizatçıları elektron vergi qeydiyyatından keçməlidirlər. Beləliklə, xaricdən təqdim edilən proqram təminatı, bulud xidmətləri, AI xidmətləri, videokonfrans və digər rəqəmsal məhsullar üçün vergi mexanizmi dəyişir.
Ən vacib yenilik ƏDV-nin tutulma üsuludur. Qeydiyyatdan keçmiş xarici şirkətlər vergini özləri hesablayacaq, bəyan edəcək və dövlət büdcəsinə ödəyəcəklər. Yəni Azərbaycanda istifadəçilər bu şirkətlərin xidmətindən istifadə etdikdə onlara ödədikləri ödənişlər zamanı bankların ayrıca olaraq ƏDV tutmasına ehtiyac qalmayacaq.
Əvvəlcədən deyildiyi kimi, bu yenilik, həm rəqəmsal xidmət istifadəçiləri, həm banklar, həm də vergi xidmətinin işini yüngülləşdirəcək. Eyni zamanda xarici platformaların Azərbaycan bazarında real dövriyyəsinin, yəni onlara edilən ödənişlərin həcminin daha şəffaf izlənməsi mümkün olacaq.
Bu baxımdan «OpenAI»-nin qeydiyyatı ayrıca diqqət çəkir. Bu şirkət məşhur süni intellekt aləti olan Chat-GPT-nin sahibidir. Süni intellekt xidmətlərinə yerli şirkətlərin və fərdi istifadəçilərin tələbi artdıqca, belə xidmətlərə edilən xarici ödənişlərin miqyası da böyüyür.












