İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport.az” portalı tərəfindən Azərbaycanın və regionun ilk virtual sərgi və konfrans məkanı istifadəyə verilib.
FED.az xəbər verir ki, virtual sərgi zalında pilot olaraq 10 şirkət və media nümayəndələri üçün stendlər hazırlanıb. Bu stendlərdə məhsulların 3D forması ilə tanış olmaq və onlayn ticarət əməliyyatları aparmaq üçün müvafiq imkanlar yaradılıb.
Bununla yanaşı, hər stend üzrə təmsilçinin videogörüntülü və səsli olmaqla sərgi ziyarətçiləri ilə müzakirələrə qatılmaq fürsəti verilib. Bu, stendə yaxınlaşan sərgi ziyarətçiləri ilə daha rahat ünsiyyət qurmağa imkan verir. Virtual məkanda sərgilərin təşkili ilə yanaşı, yeni brendlərin təqdimatı, virtual görüşlərin təşkili, təlim və seminarların həyata keçirilməsi imkanları mövcuddur. Bunun üçün 500 nəfərlik rəqəmsal konfrans zalı hazırlanaraq istifadəyə verilib. Virtual məkan zamandan və məkandan asılı olmadan dünyanın istənilən nöqtəsindən istifadəyə acıq olmaqla “Made in Azerbaijan” brendli məhsulları daha geniş auditoriyaya çatdırmağa xidmət edir.
Qeyd edək ki, “MTradeVerse” platformasının dəstəyi ilə hazırlanmış rəqəmsal məkanın təqdimatında virtual ziyarətçilər sərgi və konfrans zallarında yaradılan imkanlarla tanış olublar. İştirakçılara yaradılan imkanlar barədə məlumat verilib. Növbəti mərhələdə platformaya əcnəbi ziyarətçilərin qatılması və sərgi ərazisinin genişləndirilməsi ilə yeni şirkət və məhsulların əlavə olunması nəzərdə tutulub.