Uşaqlarda və yeniyetmələrdə maliyyə savadlılığının artırılması məqsədilə ölkəmizdə ilk dəfə olaraq maarifləndirici “KidFi” mobil tətbiqi istifadəyə verilib.
FED.az xəbər verir ki, “KidFi” maliyyə savadlılığı sahəsində həm öyrənmək, həm də əylənmək üçün hazırlanmış oyun əsaslı mobil tətbiqdir. Tətbiqin məqsədi uşaqlara və yeniyetmələrə maliyyə sahəsi haqqında öyrətmək və ağıllı pul idarə etmə bacarıqlarını inkişaf etdirməkdə onlara dəstək olmaqdır.
Maliyyə savadlılığının şəxsi maliyyəni idarə etmək üçün vacib olduğunu, xüsusilə uşaq və yeniyetmələr üçün əhəmiyyətini nəzərə alaraq “KidFi” tətbiqi bu istiqamətdə onlara real həyat təcrübəsinin qazanılmasına kömək edəcək. Tətbiq zəngin interaktiv videoların sayəsində uşaqlar və yeniyetmələrdə səmərəli xərcləmə vərdişlərinin formalaşmasına da töhfə verəcək.
Tətbiqin fəal istifadəsi sayəsində uşaqlar və yeniyetmələr maliyyə qərarlarının qəbulu, büdcənin müstəqil və məsuliyyətli şəkildə idarə edilməsində mühüm vərdişlərə yiyələnə biləcəklər. Tətbiq vasitəsilə valideyn övladına rəqəmsal kart sifariş edə və ona gündəlik cib xərcliyini də köçürə bilər.
Oyun əsaslı maarifləndirici tətbiq iki versiyadan “KidFi Parent” və “KidFi” versiyalarından ibarətdir. Tətbiqi “Google Pay” və “Apple Store” vasitəsilə yükləyə və qeydiyyatdan keçərək istifadə etmək mümkündür.
Azərbaycandan olan “KidFi” startapı bu ilin fevralında İspaniyada keçirilmiş nüfuzlu “Mobile World Congress Barcelona 2024” tədbirində də təmsil olunub və tədbir çərçivəsində iştirakçılarda böyük maraq yaradıb.