Azərbaycanda TikTok sosial şəbəkəsində qoyulan məhdudiyyət aradan qaldırılıb.
FED.az xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti də məlumat yayıb.
“Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, TikTok-a giriş sentyabrın 14-də məhdudlaşdırılmışdı. Dövlət Təhlükəsizliyi Xidməti hərbi əməliyyatlarla bağlı ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayıldığını əsas gətirərək Tiktok sosial şəbəkə resursuna girişi məhdudlaşdırmışdı.