Azərbaycanda su ehtiyatlarının peyk təsvirləri və 16 müxtəlif parametr üzrə tədqiqat aparılmasına dair müzakirələr aparılıb.
FED.az xəbər verir ki, “Azərkosmos” ASC-dən verilən məlumata görə, su ehtiyatlarının qiymətləndirilməsi mövzusuna dair “Virtual Azerbaijan Group of Companies” şirkəti ilə görüş keçirilib.
Görüşün əsas məqsədi Azərbaycanda su ehtiyatlarının peyk təsvirləri vasitəsilə tədqiqatı, yeraltı su qaynaqları haqqında əldə olunan məlumatın analizi və düzgün şəkildə emalı olub.
Qeyd edilib ki, hazırda Azərbaycanda yeraltı su ehtiyatlarını təyin etmək üçün ənənəvi üsullardan istifadə olunur. Bu isə həm zaman, həm də maliyyə baxımından artıq resurs tələb edir.
“Azersky” peyk təsvirlərindən, müasir analiz və monitorinq alətlərindən istifadə etməklə ölkədə su ehtiyatlarının, xüsusilə yeraltı suların yerini 80-95% dəqiqliklə təyin etmək mümkün olacaq. Bu da, öz növbəsində, Azərbaycanda su ehtiyatları və onların səmərəli istifadəsinə gətirib çıxaracaq. (Apa)