Azərbaycanda uşaqların sosial şəbəkələrə daxil olmasına məhdudiyyət qoyulacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Prezident İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı və rəqəmsal texnologiyaların geniş yayılması nəticəsində sosial şəbəkələr həyatamızda əhəmiyyətli yer tutub. Sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması və həmin şəbəkələrdə çoxsaylı informasiyaların yayılması isə bu sahənin tənzimlənməsinə ehtiyac yaradıb.
Sərəncamda deyilir ki, beynəlxalq təşkilatların araşdırmaları, digər ölkələrin təcrübəsi göstərir ki, uşaqların rəqəmsal mühitdə qorunması və psixoloji təhlükəsizliyi üçün mühafizə mexanizmləri tətbiq olunur.
Bütün bunları nəzərə alaraq prezidentin sərəncamına əsasən, ölkədə uşaqların sosial şəbəkəyə girişi, məktəblərdə smartfonlardan istifadə və sair buna bənzər hallar üzrə məhdudiyyətlər tətbiq ediləcək.
Sərəncamda Nazirlər Kabinetinə tapşırılır ki, aidiyyəti dövlət orqanları, elmi müəssisələri, mütəxəssisləri cəlb etməklə və beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkə ərazisində uşaqların sosial şəbəkələrdə qeydiyyatında yaş məhdudiyyətinin tətbiqi üzrə yeni sənədlər hazırlansın və 3 aya prezidentə təqdim edilsin.
Bundan başqa, hökumət məktəbəhazırlıq qruplarında və orta məktəblərdə də mobil və elektron cihazlardan istifadəyə dair yeni qaydalar hazırlamalıdır.
Eyni zamanda məktəbəhazırlıq və ümumi məktəblərdə rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzuları daxil ediləcək. Paralel olaraq sosial şəbəkələrdən qanunauyğun istifadə ilə bağlı maarifləndirmə həyata keçirilməlidir.











