Azərbaycanda mobil telefon, elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən şəbəkələrdən biri “İrşad Electronics” döyüşlərdə iştirak edən yaralı hərbçilərimizə 100 mobil telefon hədiyyə edib.
FED.az xəbər verir ki, hərbçilərin döyüş zamanı itirdikləri, yararsız vəziyyətə düşən telefonlarının olmaması səbəbindən ailəsi ilə əlaqə saxlamaq imkanları məhdudlaşırdı. Bu məhdudiyyəti aradan qaldırmaq üçün şirkət tərəfindən belə bir təşəbbüs irəli sürülüb. Telefonlar Bakı şəhərində müxtəlif xəstəxanalarda müalicə alan ümumilikdə 100 hərbçiyə təqdim edilib. “Biz ötən gün cəbhə bölgəsinə əsgərlərə lazım olan ləvazimatları aparanda hərbçilərimiz olduqca məğrur şəkildə, qələbə adını tutaraq torpaqlarımız uğrunda döyüşə gedirdilər. Eyni şəkildə bu ruh yüksəkliyini yaralı hərbçilərimizdə də gördük. Ümid edirik, hərbçilərimiz zəfər xəbəri ilə tez zamanda ayağa qalxarlar.”
Qeyd edək ki, indiyədək şirkət torpaqlarımız uğrunda döyüşən hərbçilərimizin və səfərbər olan hərbi vəzifəli müştərilərin kredit ödənişlərini dondurub. Qarabağda döyüşlərində şəhid olan və yaralanan hərbçilərin kredit borclarını tam siləcəyini bildirib.
Həmçinin Qarabağ uğrunda döyüşlərdə yaralanan hərbçilərimizin və səfərbər olunan hərbi vəzifəlilərin ailələrinə dəstək olmaq məqsədilə 100 ailəyə 30 000 manat həcmində birdəfəlik maddi yardım ayırıb. Ordumuza dəstək olmaq məqsədi ilə isə “İrşad Electronics” Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna da 50.000 manat köçürüb və cəbhə bölgəsində çətin dağlıq şəraitdə xidmət edən hərbiçilərimizə 20.000 manat dəyərində isti geyim yola salıb.