Bir müddət əvvəl Prezident İlham Əliyevin imzaladığı sərəncamla reklam haqqında qanuna edilən dəyişikliklər qüvvəyə minib. Dəyişikliklə influenserlər (blogerlər) də artıq qanunun təsir dairəsinə düşəcəklər. Qanunda onlar rəqəmsal platforma təsirçisi adlanır.
Blogerlərin vergi öhdəlikləri
Dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımı “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydi ilə müşayiət olunmalıdır.
Bundan başqa, influenserə özü istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi göstərib reklam etmək qadağan olunur. Hər bir influenser VÖEN sahibi olmalı və hüquqi məlumatlarını qeyd etməlidir.
Qanunu pozanlar üçün cərimələr nəzərdə tutulub.
Qeyd edək ki, qanunun qüvvəyə minməsindən 2 ay keçsə də, bəzi blogerlərin qaydalara riayət etmədiyi müşahidə edilir.
FED.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bildirib ki, qanuna dəyişiklikdən ötən dövr ərzində qanunda nəzərdə tutulan tələblərin pozulması barədə rəqəmsal platforma təsirçiləri ilə bağlı Agentliyə 4 müraciət daxil olub. Müraciətlərdən 1-i qanunamüvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib. 1 müraciətdə pozuntu halları ilə bağlı konkret faktlar təqdim edilmədiyindən müraciətçiyə müvafiq izahat verilib. 2 müraciət üzrə isə araşdırma davam etdirilir.
Qeyd edək ki, dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq, reklam daşıyıcısı olan rəqəmsal platforma vasitəsilə reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq qadağan edilir.
Rəqəmsal platforma təsirçisi tərəfindən reklam haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə vəzifəli şəxslər 750 manatdan 1250 manatadək məbləğdə, hüquqi şəxslər 2500 manatdan 4000 manatadək məbləğdə cərimə edilir. (Modern.az)