Bu ilin iyul ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı iyun ayı ilə müqayisədə 4,1 faiz bəndi artıb.
Eləcə də bax: Dövlət Xidməti: “İnternetin keyfiyyətinə biz nəzarət etmirik”
FED.az xəbər verir ki, "Global Stats" statistika mərkəzinin hesabatı əsasında aparılan hesablamalara görə, bu ilin avqustun 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 27,1% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 11,9 faiz bəndi azdır.
Populyarlığına görə "Facebook" ötən ayın nəticələrinə əsasən ölkənin sosial media bazarında birinci yerdədir.
Populyarlığına görə ikinci yerdə "YouTube" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı iyul ayı ərzində 11,9 faiz bəndi azalıb. "YouTube"un Azərbaycan bazarında payı bu ilin avqust ayının 1-nə 25,2% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 15,5 faiz bəndi çoxdur.
Bu ilin iyul ayı ərzində ölkə üzrə "Instagram" şəbəkəsinin istifadəçilərinin fəallığı 6 faiz bəndi artıb. Avqustun 1-nə olan məlumata görə, "Instagram" Azərbaycanın sosial media bazarında 20,4% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz bəndi çoxdur.
Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Pinterest" – 13,9, "Twitter" – 8,4%, “Reddit” – 1,6%, “VKontakte” – 1% və s. (Apa)