Bu gün Azərbaycanda ilk dəfə olaraq 26-30 oktyabr tarixlərində keçirilən beynəlxalq “İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkil etdiyi "Hackathon-AzIn 2018" müsabiqəsinə start verilib.
Nazirlikdən FED.az-a verilən məlumata görə, 29-30 oktyabr tarixlərində Yüksək Texnologiyalar Parkının dəstəyi ilə keçirilən sözügedən tədbir “Şəkil tanıma texnologiyası üzrə veb tətbiqetmənin hazırlanması” mövzusunu əhatə edir.
ELƏCƏ DƏ BAX: Azərbaycanda proqramçların yarışı keçirilir – İLK DƏFƏ
Müsabiqə üç mərhələdən ibarətdir. “Hackathon”-un birinci mərhələsi “AzInTelecom” tərəfindən iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırığın verilməsi ilə başlayıb. Yarışın ikinci mərhələsində iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyəcək, 30 oktyabrda keçiriləcək üçüncü mərhələdə isə verilən tapşırıqların icrası qiymətləndirilərək yarışın qalibi seçiləcək.
Proqramçıların iki gün ardıcıl davam edən bu yarışında qalib gələn iştirakçılara “AzInTelecom” MMC və müsabiqənin sponsorları tərəfindən mükafatlar təqdim olunacaq. Birinci yerin qalibi 5 000 AZN, ikinci yer 3 000 AZN, üçüncü yerin qalibi isə 1 000 AZN məbləğində pul mükafatına layiq görüləcək.
Təqdim olunan həllərin qiymətləndirilməsində məntiq, dizayn, funksionallıq və innovativlik kimi kriteriyalar nəzərə alınacaq.
Qeyd edək ki, “Azercell”, “Risk”, “Bestcomp”, “İl Patio” və “Huawei” şirkətlərinin baş sponsorluğu ilə keçirilən "Hackathon-AzIn 2018" bir çox mütəxəssislər üçün özünü tanıtmaq, layihəsini təqdim etmək, eləcə də investor və şirkətlər üçün istedadlı gəncləri öz komandalarına cəlb etmək üçün imkanlar yaradır.
Xatırladaq ki, “Hackathon” ortaq fikrə sahib insanların komanda şəklində çalışaraq öz innovativ fikirlərini koda çevirməsidir. Bu müsabiqə zamanı iştirakçılar 24-48 saat müddətində verilən tapşırıq üzrə yeni həll müəyyən etmək və onu təqdim etmək üçün bir araya gəlirlər.
Azərbaycanda proqramçların yarışı başladı – İLK DƏFƏ
21:46
29 Okt 2018