Azərbaycanda tikinti icazələrinin İnternet üzərindən, elektron müraciətlərlə verilməsinə başlanılıb. FED.az xəbər verir ki, bu barədə aprelin 18-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri ilə birgə keçirilən mətbuat konfransından elan edilib.
Tədbirdə Komitənin Beynəlxalq Əlaqələr və İnformasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud bildirib ki, prezident İlham Əliyevin 2018-ci il 28 dekabr tarixli fərmanı ilə ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisi və istismarı sadələşdirilib. Fərman Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə şamil edilir.
Bu məqsədlə ASAN Xidmət və Dövlət Komitəsi tərəfindən birgə elektron sistem hazırlanıb. Sistemin köməyi ilə sifarişçi qeyd olunan sistemdə öz şəxsi kabinetinə daxil olaraq tələb olunan sənədləri elektron formada yükləyib, 15 iş günü müddətində tikintiyə, 10 gün müddətində isə istismara icazəni əldə edə bilər. Həmçinin bildirilib ki, hər bir sifarişçinin müraciətinə elektron icazə vərəqəsi onun şəxsi kabinetinə göndərilir. İcazə vərəqəsini həm də yazılı formada əldə etmək üçün sadəcə müraciət zamanı bununla bağlı xüsusi düyməni aktivləşdirmək lazımdır.
Nəticədə 21 fevral tarixindən indiyədək “bir pəncərə” prinsipi ilə elektron sistemə ekspertizası tələb olunmayan tikinti obyektinə tikintiyə icazə verilməsi bölməsi üzrə 22 müraciət daxil olduğu vurğulanıb. Həmin müraciətlərdən 17-sinin komitə tərəfindən müsbət cavablandırılaraq, elektron icazə vərəqəsi sifarişçinin şəxsi kabinetinə göndərilib. Elektron sistemin istismara icazə bölməsi üzrə isə 4 ekspertizası tələb olunmayan tikinti obyekti ilə bağlı müraciət daxil olub ki, hər birinə müsbət rəy verilib. Bildirilib ki, qeyd olunan statistik göstəricilər bu günə hesablanmış rəqəmlərdir və hər gün yenilənir.