Azərbaycan məhkəmə sisteminin tarixində ilk dəfə olaraq Elektron Məhkəmənin mobil versiyası təqdim olunub.
FED.az xəbər verir ki, “Mobil Elektron Məhkəmə” yeni proqram təminatı prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının icrası çərçivəsində Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupu tərəfindən hazırlanıb.
Eləcə də bax: Milli Məclis özəl məhkəmə ekspertləri ilə bağlı layihəni - TƏSDİQLƏYİB
Təqdimat mərasimində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, “Mobil Elektron Məhkəmə” proqram təminatı vətəndaş-mərkəzli bir addım olmaqla həm də sahibkarların işini asanlaşdırcaq, resurslara qənaət edəcək və səmərəliliyi artıracaq: «Nəzərə alanda ki, Azərbaycan qeyri-rezidentlərə m-rezidentlik təqdim edir, onda bütün dünyada Azərbaycanın “Mobil Elektron Məhkəmə” tətbiqindən istifadə etmək olacaq».
Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov bildirib ki, artıq bu gündən vətəndaşlar və sahibkarlar istifadəyə verilən yeni mobil tətbiq vasitəsi ilə “Elektron məhkəmə” informasiya sisteminin, o cümlədən Vahid Məhkəmə Portalının bütün imkanlarından daha mobil qaydada faydalana bilərlər.
Qeyd edək ki, “Mobil Elektron Məhkəmə” vasitəsilə məhkəmələrə mobil telefondan elektron qaydada iddia ərizələri vermək, sənədlər göndərmək, məhkəmə proseslərinin keçiriləcəyi vaxt və yer barədə məlumatlandırılmaq, məhkəmə qərarlarının elektron almaq, hakim və məhkəmə barədə ümumi məlumat əldə etmək, məhkəmə statistikası ilə tanış olmaq və s. müasir imkanlarda istifadə etmək mümkündür.
R.Qurbanov əlavə edib ki, dünyada və Avropada mobil elektron məhkəmə tətbiqlərinə az rast gəlinir. Bunun səbəbi isə bu növ proqram təminatlarının hazırlanması üçün xüsusi yanaşmanın və eyni zamanda böyük intellektual resursların tələb olunmasıdır. Qürurverici haldır ki, Azərbaycanda fəaliyyət göstərən milli mütəxəssislərimiz, o cümlədən hakim və məhkəmə aparatı işçiləri bu missiyanı layigincə yerinə yetirə biliblər.
Təqdimat zamanı Dünya Bankı ilə birlikdə hazırlanan “Mobil Elektron məhkəmə”nin üstünlükləri barədə geniş məlumat verilib və bildirilib ki, tətbiq ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması yolunda növbəti bir addımdır. Çünki sahibkar və ya vətəndaş istənilən yerdə stasionar kompüterə bağlı olmadan aidiyyəti iş üzrə operativ məlumat əldə edə bilər, təyin olunan məhkəmə iclası barədə vaxtın məlumat öyrənə bilər. Mobil tətbiq vasitəsi ilə məhkəmə işinin sənədləri (iddia ərizəsi, məhkəmə aktı və s.) ilə smartfonda tanış olmaq və endirmək, sahibkarlara ASAN imza ilə daxil olaraq sahib olduqları şirkətə aid işlər ilə tanış olmaq mümkündür.
Ədalət mühakiməsinə əlçatanlıq imkanlarını genişləndirmək məqsədi ilə proqram təminatı üç dildə – Azərbaycan, ingilis və rus dillərində yaradılıb.
Qeyd edək ki, yeni elektron tətbiq ”Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üçün məhkəmə sistemi sahəsində islahatlarla bağlı” 2019-cu ilin ikinci yarım illiyini əhatə edən Tədbirlər Planı üzrə hazırlanıb. Qısa müddət ərzində ölkə başçısının rəhbərliyi ilə “Elektron məhkəmə” informasiya sistemi ilə bağlı dəyişikliklər aparılıb və daha təkmil funksionallıqlar yaradılıb. Bunun da nəticəsində Dünya Bankının “Doing Business 2020” hesabatının “Müqavilələrin icrası” göstəricisinə görə Azərbaycan 190 ölkə arasında 40-cı yerdən 28-ci yerə yüksəlib.
Tədbirdə Ali Məhkəmənin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi nümayəndələri iştirak ediblər.
“Mobil Elektron məhkəmə” proqramını bu keçiddən Android əməliyyat sisteminin istifadəçiləri endirə bilərlər: http://bit.ly/2qLzuC9