Bu ilin yanvar-mart aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 239 mln. manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda mobil operatorlar üçün 4G və 5G lisenziyalarının qiyməti - MƏLUM OLDU
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 mln. manat və ya 9,1% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 39,5%-ni təşkil edib.
Bu ilin fevral göstəricisi ilə müqayisədə isə, mobil rabitə operatorlarının gəlirləri mart ayında 3,5% və ya 2,7 mln. manat artaraq 79 mln. manat təşkil edib.
“Cari ilin ilk üç ayında ümumilikdə informasiya və rabitə müəssisələri tərəfindən 604,4 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 76,4%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri cari ilin yanvar-mart aylarında real ifadədə 14,7% artıb", - komitədən bildirilib. (Apa)