Azərbaycanda keyfiyyətə nəzarət sahəsində rəqəmsallaşmanın həyata keçirilməsi məqsədilə vahid elektron informasiya sisteminin (e-keyfiyyet.gov.az) hüquqi bazasının yaradılması nəzərdə tutulur.
FED.az xəbər verir ki, bununla bağlı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” qanunlarda dəyişiklik edilməsi təklif ollunur.
Məqsəd bu sahədə elektron xidmətlərin tətbiqi yolu ilə prosedurların optimallaşdırılması, ölçmə, texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və xidmətlərin şəffaflığının artırılmasıdır.
Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir. Müzakirələrdə bildirilib ki, yaradılması nəzərdə tutulan vahid elektron informasiya sistemi keyfiyyət infrastrukturu sahəsində fəaliyyət göstərən akkreditasiya edilmiş səlahiyyəti qurumların təqdim etdiyi hüquq müəyyənedici sənədlərin (sertifikatların, şəhadətnamələrin, bildirişlərin və s.) elektron formada vahid elektron platforma üzərindən qeydiyyatı və reyestrinin aparılmasını, bu sənədlərin verilməsini, keyfiyyət təminatı sahəsində fəaliyyətlərin rəqəmsallaşdırılmasını, bu sahədə mövcud pərakəndəliyin aradan qaldırılmasını təmin edəcək, maraqlı tərəflərə (dövlət qurumlarına, sahibkarlıq subyektlərinə, vətəndaşlara və s.) keyfiyyətə nəzarət sahəsində həyata keçirilən fəaliyyətlərin nəticələrini asanlıqla izləmək imkanı yaradacaq.