Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə İsrailin “Israel Aerospace Industries” korporasiyası arasında ölkədə innovasiya sahəsində iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
FED.az agentliyə istinadən xəbər verir ki, sənəd çərçivəsində Azərbaycanda innovasiyaların inkişafına dəstək məqsədilə Mükəmməllik Mərkəzinin yaradılması, təlim proqramlarının həyata keçirilməsi və insan kapitalının inkişaf etdirilməsi nəzərdə tutulur. Saziş həmçinin qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsini və tətbiqini təşviq edəcək.
Əməkdaşlıq çərçivəsində iki ölkə arasında təcrübə mübadiləsini gücləndirmək məqsədilə birgə tədbirlər, seminarlar, forumlar və təlim proqramlarının təşkil olunması planlaşdırılır.
Bu təşəbbüslərin Azərbaycan və İsrail arasında innovasiya sahəsində qarşılıqlı faydalı əməkdaşlığın yeni mərhələsini formalaşdıracağı vurğulanıb.