Azərbaycanlı startapçı, “Cybersign” MMC-nin icraçı direktoru Elvin Axundov ölkədə ilk dəfə olaraq kibermaarifləndirmə və fişinq simulyasiyası portalı hazırlayıb.
Təhlükəsiz İnternet Günü: onlayn mühitdə şəxsi məlumatlarınızı necə qorumalı
FED.az xəbər verir ki, bu yaxınlarda layihəyə görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “Startap” şəhadətnaməsi almış E.Axundovun verdiyi məlumata görə, indiyədək Azərbaycanda bu cür portallardan istifadə edənlər xarici ölkələrin təqdim etdiyi alternativ platformalardan faydalananlar olub. “Cybersign” MMC-nin təqdim etdiyi platforma isə azərbaycanlı mütəxəssislər tərəfindən Azərbaycan dilində hazırlanıb.
Platforma, əsasən, korporativ sektor üçün nəzərdə tutulub. Portal vasitəsilə şirkətlər öz təlimlərini keçə bilirlər: "Biz, əsasən, kibertəhlükəsizlik formatında çıxış edirik. Kibertəhlükəsizlik haqqında 24 mövzu üzrə videotəlimlər keçilir və təlimlərdən sonra işçilərin yoxlanılması, sertifikatlaşdırılması aparılır. Məlumdur ki, bu gün kiberhücumlar çoxalıb. Fişinq hücumlar meyl və ya telefon zəngi vasitəsilə edilir, insanları aldadaraq şəxsi məlumatlarını əldə edirlər. Biz onları reala bənzəyən fişinqlər formasında hazırlayırıq. Hansısa şirkətlə korporativ müqaviləmiz olduqda təlimlərdən sonra reala bənzər fişinqlər göndərib işçilərin və şirkətin kibertəhlükəsizlik indeksini ölçürük. Bu ölçməni şirkət özü həyata keçirir. Bununla onlar müəyyən edirlər ki, zəif nöqtələri haradır, kiberhücumlar olduqda işçilər özlərini necə qorumalıdırlar".
E.Axundov bildirib ki, portal vasitəsilə kibertəhlükəsizlik maarifləndirmə təlimləri ilə yanaşı, avtomatlaşdırılmış fişinq kampaniyaları aparılır, istifadəçilərin inkişafı izlənilir, işə qəbul prosesi avtomatlaşdırılır, istifadəçilər üçün reytinq sistemi yaradılır, sertifikatlaşdırma aparılır, fişinq insidentlərinə cavab verilir, təlim üçün testlər keçirilir.
Startapçı əlavə edib ki, yaxın müddətdə bu platformanın dünya ölkələrinə təqdim edilməsi və beynəlxalq platformaya çevrilməsi nəzərdə tutulur. Artıq platforma Azərbaycan, ingilis, rus dillərində hazırlanıb, qısa zaman ərzində isə onun ərəb və ispan dillərində hazırlanması nəzərdə tutulur. Platformada şirkətlərin “pentestinq” olunması, yəni ola biləcək hücumlara qarşı boşluqların aradan qaldırılması planlaşdırılır: "Dünya ölkələrinin bir çoxunda bu platformadan var. Bəzi platformalarda LMS var, amma fişinq simulyasiyası yoxdur, amma bizim platformada bunların hər ikisi var. Bizim platformada xarici platformadakılardan daha geniş təlimlər mövcuddur. Kibertəhlükəsizlik hər ölkənin öz mədəniyyətinə uyğun hazırlanır. Biz də onu ölkəmizin mədəniyyətinə uyğun hazırlamışıq və mümkün real fişinqləri nəzərə almışıq. Biz Azərbaycanda elə fişinqlər hazırlayırıq ki, onlar tam inandırırcı olsun və işçilər ona real vəziyyət kimi alışa bilsinlər. Portalımız daim yenilənir ki, müasir dövrün tələblərinə cavab verə bilsin”. (vergiler.az)