Azərbaycandakı istifadəçilərin üçdə ikisi korporativ cihazları şəxsi məqsədlər üçün istifadə edir.
FED.az xəbər verir ki, bu Kaspersky şirkətinin Azərbaycanda fəaliyyət göstərən şirkətlərin əməkdaşları arasında kiberrisklər barədə keçirdiyi sorğuda məlum olub. Məlum olub ki, respondentlərin 100%-i korporativ cihazlardan (yəni şirkətin iş üçün verdiyi kompüter, noutbuk, telefon, planşet) öz işləri, 65%-i isə şəxsi məqsədləri üçün istifadə edir.
İşçilər çox vaxt sosial şəbəkələrdə dostları ilə ünsiyyət (49%), onlayn məhsullardan istifadə (45%), əyləncə məzmununa baxmaq (27%), xəbərlər və ya kitablar oxumaq (14%) üçün korporativ cihazlardan istifadə edirlər.
Hətta sorğuda məlum olub ki, iştirakçıların 15%-i qeyri-iş məqsədləri üçün saytlarda qeydiyyatdan keçmək üçün korporativ elektron poçt ünvanlarından istifadə edirlər. Eyni zamanda, işçilərin 35% şəxsi və iş hesabları üçün, məsələn, elektron poçt və ya kompüter hesabına daxil olmaq üçün eyni şifrələrdən istifadə edir ki, bu da kiberriskləri artırır.
“İş cihazları və resursları dəyərli korporativ məlumatları saxlayır, onların vasitəsilə şirkətin perimetrinə daxil oluna və təşkilata ciddi ziyan vurula bilər. Buna görə də, tərkibində viruslar və zərərli proqramlar ola biləcək şübhəli saytları ziyarət etmək şirkət üçün əlavə təhlükələr yaradır. Riskləri minimuma endirmək üçün təşkilatlar iki faktorlu autentifikasiya ilə VPN girişinin qurulmasını təmin etməli, işçilərin kompüterlərindəki bütün proqramları mütəmadi olaraq yeniləməli, əsas məlumatların ehtiyat nüsxələrini çıxarmalı, həmçinin işçilərin giriş hüquqlarına nəzarət etməlidir”, - deyə Kaspersky-nin Qazaxıstan, Mərkəzi Asiya və Monqolustan üzrə icraçı direktoru Valeri Zubanov bildirir.
Şirkətin infrastrukturunu qorumaq üçün Kasperky mütəxəssisləri tövsiyə edir:
• kibertəhlükələri öncədən aşkarlamaq və onlara cavab vermək imkanlarına malik, iş yerlərinin qabaqcıl mühafizəsini təmin edəcək həllərdən, məsələn, biznes üçün Kaspersky EDR Optimal həllindən istifadə edin;
• əməkdaşları korporativ mühitin təhlükəsizliyi məsələləri üzrə maarifləndirin və təlimatlandırın. Bu işdə, məsələn, Kaspersky Automated Security Awareness Platform-da mövcud olan ixtisaslaşdırılmış kurslar kömək edə bilər;
• İT infrastrukturunu hərtərəfli qoruyun və potensial hücumların səthini daraldın, məsələn, Kaspersky Optimum Security səviyyəli həllər dəstindən istifadə etməklə buna nail ola bilərsiniz.
Sorğu 2022-ci ilin dekabrında ERA Marketing tərəfindən aparılıb. Sorğuda Bakı, Gəncə və Sumqayıt şəhərlərinin iş yerində kompüterdən istifadə edən 306 nəfər sakini iştirak edib. Respondentlər arasında təşkilatların maliyyə və İT departamentlərinin mütəxəssisləri, menecerlər və inzibatçılar, satış şöbəsinin, reyestr və digər strukturların nümayəndələri yer alıblar.