Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “E-Şikayət” sisteminin imkanlarını genişləndirir.
FED.az xəbər verir ki, bu barədə İKTA məlumat yayıb.
Bildirilir ki, artıq vətəndaşlar adıçəkilən sistem üzərindən xidmətindən narazı qaldıqları poçt (karqo) rabitəsi operatorlarından tənzimləyici quruma şikayət edə biləcəklər. Bunun üçün istifadəçilər əvvəlki qaydada müvafiq link vasitəsilə “E-Şikayət” sisteminə daxil ola bilərlər. İstifadəçilər “İdentifikasiya nömrəsi ilə” bölməsinə daxil olduqdan sonra avtomatik olaraq “Abunəçi” səhifəsinə yönləndirilirlər. Daha sonra isə vətəndaş üçün avtomatik yaradılmış “Abunəçi kabineti”ndən müraciət və ya şikayəti tənzimləyici qurum olan İKTA-ya ünvanlamaq imkanı əldə edilir.
Hazırda həm də “E-Şikayət” sistemi vasitəsilə internet, telefon rabitəsi, mobil internet və mobil telefon kimi telekommunikasiya xidmətləri üzrə də müraciətlərin qəbulu həyata keçirilir.
Ötən ilin noyabrında yaradılan “E-Şikayət” sistemi üzrə indiyə qədər 600-dən artıq müraciət daxil olub və onların böyük əksəriyyəti müsbət həllini tapıb.