Nazirlər Kabineti “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nı və “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı”nı təsdiq edib.
FED.az xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı” təsdiq olunub.
Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə (Yuxarı dövlət orqanı, digər aidiyyəti dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırmaqla qəbul (təsdiq) olunan normativ hüquqi aktda dəyişiklik yalnız həmin dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırıldıqdan sonra edilə bilər. Belə normativ hüquqi aktda ona dəyişiklik edilməsi qaydası göstərilməlidir.) uyğun edilə bilər.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 25 fevral
tarixli 63 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
1 nömrəli əlavə
“az” ölkə kodlu yüksək səviyyəli domen adlarının
qeydiyyatı və istifadəsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları” (bundan sonra – Qaydalar) “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 900-VQD nömrəli Qanununun tətbiqi və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1754 nömrəli Fərmanının 1.2-ci bəndinə, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-1.3-cü maddəsinə uyğun olaraq, ölkə kodlu domen adlarının qeydiyyatı üzrə beynəlxalq normalara əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi qaydalarını müəyyən edir.
1.2. “az” şərti işarəsi Azərbaycan Respublikasına mənsub olmaqla, qlobal internet şəbəkəsində Azərbaycan Respublikasına məxsus milli seqmenti əks etdirən yüksək səviyyəli ölkə kodudur.
1.3. Bu Qaydalar “az” ölkə kodlu yüksək səviyyəli domen adı ilə yaradılmış informasiya ehtiyatının kontenti və (və ya) onun vasitəsilə informasiyanın yayılması ilə bağlı yaranan münasibətlərə şamil edilmir.
1.4. Sifarişçi “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatçısını sərbəst seçmək hüququna malikdir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. domen adının səviyyəsi – domen adındakı simvollar qrupunu ayıran nöqtənin (“.”) sayından bir ədəd çox olan göstərici;
2.1.2. ölkə kodlu yüksək səviyyəli domen adı – qlobal internet şəbəkəsində ölkəyə məxsus milli seqmenti əks etdirən domen adı;
2.1.3. alt domen – hər hansı domen adına nisbətdə daha aşağı səviyyəli domen;
2.1.4. domen adına texniki xidmət – domen adının funksionallığını təmin edən kompleks texniki tədbirlər;
2.1.5. domen adına texniki xidmətin dayandırılması – DNS-yə ünvanlanmış müraciətin cavablandırılmaması ilə həmin domendə fəaliyyət göstərən resurslara müraciətin mümkün olmaması;
2.1.6. domen adının idarə edilməsi – domen adının fəaliyyət göstərməsini təmin etmək üçün həyata keçirilən təşkilati və texniki tədbirlər;
2.1.7. domen adının qeydiyyatı – domen adı haqqında məlumatların domen adlarının reyestrinə daxil edilməsi;
2.1.8. domen adının Qeydiyyat müqaviləsi (bundan sonra – Qeydiyyat müqaviləsi) – “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatı və onlara texniki xidmət göstərilməsi üzrə domen adlarının qeydiyyatçısı ilə sifarişçilər (bundan sonra – Qeydiyyatçı və Sifarişçi) arasındakı münasibətləri tənzimləyən müqavilə;
2.1.9. domen adlarının reyestri (bundan sonra – Reyestr) – “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında qeydiyyata alınan domen adları haqqında məlumatları özündə cəmləşdirən elektron informasiya ehtiyatı;
2.1.10. qeydiyyatın ləğv edilməsi – domen adı haqqında məlumatların Reyestrdən çıxarılması;
2.1.11. Sifarişçi – bu Qaydalara uyğun olaraq domen adının qeydiyyatı ilə bağlı domen adlarının qeydiyyatçısına müraciət edən hüquqi və ya fiziki şəxs;
2.1.12. “Stop-list” siyahısı – domen adı kimi qeydiyyatına məhdudiyyət və ya qadağa qoyulmuş söz və ya ifadələrdən ibarət siyahı;
2.1.13. ehtiyatda saxlanılan domen adları – dövlət ehtiyacları üçün nəzərdə tutulan domen adları, ümuməhəmiyyətli domen adları, ümumistifadəli ikinci səviyyəli domen adları;
2.1.14. DNS – domen adları sistemi (Domain Name System). İnternetə qoşulmuş kompüter, xidmət və digər resurslara ad verən iyerarxik mərkəzləşmiş sistem;
2.1.15. DNS server – DNS-yə xidmət edən proqram-texniki vasitə;
2.1.16. əsas DNS server – domen adı haqqında tam informasiyanın saxlanılmasını və sorğuların emalını təmin edən DNS server;
2.1.17. əlavə DNS server – domen adı haqqında tam informasiyanı əsas DNS serverdən alan DNS server.
2.2. İstifadəçilərin istifadəsi üçün “biz.az”, “co.az”, “com.az”, “info.az”, “int.az”, “edu.az”, “gov.az”, “mil.az” “name.az”, “net.az”, “org.az” və “pp.az” kimi ikinci səviyyəli (“generic” tipli) domen zonaları müəyyənləşdirilir.
2.3. Bu Qaydalarda istifadə olunan digər anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş mənaları ifadə edir.
3. Domen adlarının qeydiyyatı
3.1. “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığı domen adlarının milli inzibatçısı (bundan sonra – Milli inzibatçı), domen adlarının qeydiyyatı və onlara texniki xidmət isə yerli və ya xarici qeydiyyatçılar tərəfindən aparılır.
3.2. “gov.az” domen zonasının inzibatçılığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş müvafiq qaydalara uyğun tənzimlənir.
3.3. Bu Qaydaların tələblərinə cavab verən domen adlarının qeydiyyatı aparılır.
3.4. Qeydiyyatçılar domen adlarının qeydiyyatının sadələş-dirilməsi və sürətləndirilməsi məqsədi ilə bu Qaydaların tələbləri nəzərə alınmaqla, qeydiyyatın elektron formada aparılmasını təşkil edirlər.
3.5. Domen adının qeydiyyata alınması, qeydiyyatının ləğv edilməsi və ya qeydiyyat məlumatlarında hər hansı dəyişikliyin aparılması, həmçinin domen adına texniki xidmətin göstərilməsi və ya texniki xidmətin dayandırılması Sifarişçinin Qeydiyyatçıya elektron müraciəti əsasında həyata keçirilir.
3.6. Sifarişçi domen adının qeydiyyata alınması məqsədi ilə elektron formada müraciət üçün Qeydiyyatçının internet informasiya ehtiyatında qeydiyyatdan keçərək və ya elektron imza sertifikatlarından istifadə edərək istifadəçi hesabı yaradır. Bu istifadəçi hesabı qeydiyyatın ləğv edilməsi və ya qeydiyyat məlumatlarında hər hansı dəyişikliyin aparılması, həmçinin domen adına texniki xidmətin göstərilməsi və ya texniki xidmətin dayandırılması ilə bağlı müraciətlər zamanı da istifadə edilir. Başqalarının fərdi məlumatlarından istifadə edərək qeydiyyatdan keçmək yolverilməzdir.
3.7. Fiziki şəxslər internet informasiya ehtiyatında qeydiyyatdan keçməklə, istifadəçi hesabı yaradarkən özləri barədə aşağıdakı məlumatları daxil edirlər:
3.7.1. adı, soyadı və atasının adı, vətəndaşlıq mənsubiyyəti, ünvanı;
3.7.2. əlaqə məlumatları (sabit və (və ya) mobil telefon nömrəsi, elektron poçt ünvanı);
3.7.3. şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi, verildiyi orqanın adı və tarixi;
3.7.4. fərdi sahibkardırsa – vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN).
3.8. Hüquqi şəxslər istifadəçi hesabı yaradarkən aşağıdakı məlumatları daxil edirlər:
3.8.1. rəhbərinin və ya nümayəndəsinin adı, soyadı və atasının adı, vətəndaşlıq mənsubiyyəti, ünvanı;
3.8.2. həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi, verildiyi orqanın adı və tarixi;
3.8.3. hüquqi şəxsin tam adı, qeydiyyatdan keçdiyi ölkəni göstərməklə, ünvanı və əlaqə məlumatları (sabit və (və ya) mobil telefon nömrəsi, elektron poçt ünvanı);
3.8.4. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN).
3.9. Sifarişçilər istifadəçi hesablarına qeydiyyat zamanı istifadə edilmiş üsulla, yəni istifadəçi adı və şifrə və ya elektron imza sertifikatlarından istifadə etməklə daxil olurlar.
3.10. Domen adlarının qeydiyyatı zamanı Sifarişçiyə domen adının Qeydiyyat müqaviləsi ilə tanış olmaq, habelə qeydiyyat məlumatlarını daxil etmək, Qeydiyyata alınması və texniki xidmətlərin göstərilməsi ilə bağlı ödənişləri elektron formada həyata keçirmək imkanı yaradılır. Sifarişçi tərəfindən Qeydiyyat müqaviləsinin şərtlərinə razılıq verildikdən sonra elektron müraciət Qeydiyyatçıya göndərilir.
3.11. Elektron müraciətin qəbul edildiyi barədə Qeydiyyatçı tərəfindən Sifarişçinin elektron poçt ünvanına və istifadəçi hesabına dərhal bildiriş göndərilir və bu bildiriş Sifarişçiyə göndərildiyi andan müraciət baxılması üçün qeydiyyata alınmış hesab edilir.
3.12. Bütün müraciətlərə eyni əsaslarla, onların daxilolma ardıcıllığı ilə ən geci 3 (üç) iş günü müddətində baxılır və nəticəsi barədə qərar Qeydiyyatçı tərəfindən Sifarişçinin elektron poçt ünvanına və istifadəçi hesabına göndərilir.
3.13. Sifarişçi müraciətdə göstərdiyi elektron poçt ünvanını və ya istifadəçi hesabını mütəmadi yoxlamalıdır. Qeydiyyatçı göndərdiyi məlumatların Sifarişçi tərəfindən yoxlanılmamasının nəticələrinə görə məsuliyyət daşımır.
3.14. Domen adının qeydiyyata alınması barədə qərar Qeydiyyatçı tərəfindən Sifarişçiyə göndərildiyi andan onlar arasında Qeydiyyat müqaviləsi qüvvəyə minmiş hesab edilir.
3.15. “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və onlara texniki xidmətin göstərilməsi bu Qaydalar, həmçinin bu Qaydaların əlavəsindəki nümunəvi Qeydiyyat müqaviləsi əsasında həyata keçirilir.
3.16. Domen adının qeydiyyat dövrü bir dəfəyə 10 (on) ildən çox, 1 (bir) ildən az olmamaqla, Qeydiyyat müqaviləsi ilə müəyyən edilir və qeydiyyat dövrünə görə ödəniş illər üzrə hesablanır.
3.17. Bu Qaydalar, habelə domen adlarının nümunəvi Qeydiyyat müqaviləsi, müraciət forması və qeydiyyat proseduru barədə məlumatlar qeydiyyatçıların internet informasiya ehtiyatlarında və Milli inzibatçı tərəfindən idarə olunan “www.whois.az” internet informasiya ehtiyatında yerləşdirilir.
3.18. Sifarişçi domen adının cari vəziyyəti barədə Milli inzibatçı tərəfindən idarə olunan “www.whois.az” internet informasiya ehtiyatında sorğu verməklə məlumat əldə edə bilər.
3.19. Sifarişçi müraciət zamanı Qeydiyyat müqaviləsində göstərdiyi məlumatların tamlığı və dəqiqliyini, domen adının qeydiyyatının üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmaması və ya məhdudlaşdırmaması barədə məlumatının olmasını, domen adının qeydiyyata alınmasında qanunsuz məqsədlər güdmədiyini və mövcud qanunvericiliyi pozmaq üçün istifadə olunmayacağını təsdiq etməlidir.
3.20. Qeydiyyatçılar Sifarişçi tərəfindən təqdim edilən məlumatları “Elektron Hökumət İnformasiya Sistemi” vasitəsilə aidiyyəti informasiya sistemlərinə sorğularla müraciət edərək yoxlaya bilərlər.
4. Domen adlarının qeydiyyatına dair tələblər
4.1. Domen adının seçimində aşağıdakı texniki tələblərə riayət edilməlidir:
4.1.1. domen adı ən azı 3 (üç) və ən çoxu 63 simvoldan ibarət ola bilər;
4.1.2. domen adında yalnız ingilis (Azərbaycan Respublikasının dövlət dilində domen adlarının qeydiyyatı tətbiq edildiyi halda isə, həmçinin Azərbaycan) əlifbasında mövcud olan hərflər, ərəb rəqəmləri (0-9) və defis (-) işarəsi ola bilər;
4.1.3. domen adının başlanğıcında və sonunda defis (-) işarəsindən, habelə domen adında ardıcıl defis (-) işarələrindən istifadə oluna bilməz.
4.2. Domen adının seçilməsi zamanı Azərbaycan Respublikasına aid coğrafi adlardan (rayon, şəhər, bölgə, dağ, çay, qoruq və s.), özünün, varislərinin və ya qanuni nümayəndələrinin razılığı olmadan görkəmli və tanınmış şəxsiyyətlərin soyadlarından, adlarından, təxəllüslərindən və bunlardan yaranan ifadələrdən, onların müxtəlif dillərə tərcümə edilmiş formalarından istifadəyə yol verilmir. Belə domen adlarının qeydiyyatı həmin şəxslərin, onların varislərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə (bundan sonra – Nazirlik) razılaşdırıldıq-dan sonra qeydiyyata alınır.
4.3. İctimai qaydaya, mənəviyyata və ya əxlaqi normalara zidd, insan ləyaqətini alçaldan, milli ədavəti qızışdıran, dini dəyərləri təhqir və təhrif edən, qəddarlığı, zorakılığı və qanunla qadağan edilən digər hərəkətləri müdafiə edən söz və ya ifadələrin domen adında istifadəsinin qarşısının alınması məqsədi ilə sahə üzrə beynəlxalq təcrübə və Nazirliyin rəyi nəzərə alınmaqla, Milli inzibatçı tərəfindən “Stop-list” siyahısı müəyyən olunur.
4.4. Domen adında ictimai qaydaya, mənəviyyata və ya əxlaqi normalara zidd, insan ləyaqətini alçaldan, milli ədavəti qızışdıran, dini dəyərləri təhqir və təhrif edən, zorakılığı və qanunla qadağan edilən digər hərəkətləri ifadə edən söz və ya ifadələrdən, onların qısaldılmış və ya müxtəlif dillərə tərcümə edilmiş formalarından istifadəyə yol verilmir. Belə hallar olduqda Qeydiyyatçı domen adının qeydiyyata alınmasından imtina etmək və ya qeydiyyatı ləğv etməklə yanaşı, müvafiq domen adının “Stop-list” siyahısına daxil edilməsi məqsədi ilə Milli inzibatçıya bildiriş göndərir.
4.5. Domen adının seçilməsi zamanı sifarişçilərə rəsmi adlarına, fəaliyyət istiqamətlərinə və ya onların həyata keçirəcəyi layihənin mahiyyətinə uyğun olan domen adının seçilməsi tövsiyə edilir.
4.6. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, domen adı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanının təkrarlandığı, ona oxşadıldığı, tərcümə və ya transliterasiya edildiyi hallarda qeydiyyata alınmışdırsa və ya internet şəbəkəsində haqsız istifadə edilərsə, geniş tanınmış əmtəə nişanının sahibinin hüquqlarının pozulması hesab edilir. Bu halda geniş tanınmış əmtəə nişanının sahibi məhkəmə qaydasında mübahisə yaradan domen adının qeydiyyatını aparan orqandan onun qeydiyyatına xitam verilməsini və ya həmin adın geniş tanınmış əmtəə nişanının sahibinə qaytarılmasını tələb edə bilər.
4.7. Domen adının seçilməsi zamanı üçüncü şəxslərin hüquqlarının pozulmasına görə Sifarişçi məsuliyyət daşıyır.
4.8. Azərbaycan Respublikasının dövlət orqanlarının (qurumlarının), onların strukturlarına daxil olan və ya tabeliyindəki qurumların, beynəlxalq qurumların, idarə və müəssisələrin, həmçinin ictimai və siyasi təşkilatların adlarından, onların adlarının qısaldılmış və ya müxtəlif dillərə tərcümə edilmiş formalarından domen adında istifadəyə yalnız həmin qurumların yazılı müraciəti və ya razılığı əsasında icazə verilir.
4.9. Ehtiyatda saxlanılan domen adlarının qeydiyyatı Nazirliyin razılığı əsasında həyata keçirilir.
4.10. Ehtiyatda saxlanılan domen adlarının siyahısı dövlət orqanlarının (qurumlarının) rəy və təklifləri əsasında Nazirlik tərəfindən müəyyən edilir.
4.11. Ümumistifadəli ikinci səviyyəli domen adları üçüncü səviyyəli domen adlarının qeydiyyatı məqsədi ilə ehtiyatda saxlanılır. Yeni domen adlarının ümumistifadə üçün müəyyən edilməsinə dair qərar Nazirliyin rəyi nəzərə alınmaqla Milli inzibatçı tərəfindən qəbul edilir.
4.12. Eyni domen adlarının qeydiyyata alınması ilə bağlı ilk müraciət edən şəxsə üstünlük verilir.
4.13. Domen adlarının qeydiyyatına dair bu Qaydaların 4.1-ci bəndində göstərilən texniki tələblər bu Qaydalar qüvvəyə minənədək qeydiyyatdan keçirilmiş domen adlarına şamil edilmir.
5. Domen adlarının qeydiyyatından imtina edilməsi
5.1. Domen adının qeydiyyatından aşağıdakı hallarda imtina edilir:
5.1.1. sifariş olunan domen adının qeydiyyatı mövcud olduqda;
5.1.2. domen adının qeydiyyata alınması barədə müraciətdə göstərilən məlumatlar düzgün olmadıqda;
5.1.3. domen adının qeydiyyatı üçün bu Qaydalarla müəyyən edilən tələblərə riayət olunmadıqda;
5.1.4. domen adı ehtiyatda saxlanılan domen adlarının siyahısında olduqda;
5.1.5. domen adı “Stop-list” siyahısında olduqda;
5.1.6. domen adının qeydiyyatı üçün nəzərdə tutulmuş ödəniş həyata keçirilmədikdə;
5.1.7. Azərbaycan Respublikasının dövlət orqanlarının (qurumlarının), onların strukturlarına daxil olan və ya tabeliyindəki qurumların, beynəlxalq qurumların, idarə və müəssisələrin, həmçinin ictimai və siyasi təşkilatların adlarından, onların adlarının qısaldılmış və ya müxtəlif dillərə tərcümə edilmiş formalarından domen adında istifadəyə həmin qurumların yazılı müraciəti və ya razılığı olmadıqda;
5.1.8. domen adında Azərbaycan Respublikasına aid coğrafi adlardan (rayon, şəhər, bölgə, dağ, çay, qoruq və s.), özünün, varislərinin və ya qanuni nümayəndələrinin razılığı olmadan görkəmli və tanınmış şəxsiyyətlərin soyadlarından, adlarından, təxəllüs-lərindən və bunlardan törəyən ifadələrdən, onların müxtəlif dillərə tərcümə edilmiş formalarından Nazirliklə razılaşdırılmadan istifadə edildikdə;
5.1.9. bu Qaydaların 4.4-cü bəndində göstərilən halda.
5.2. Domen adının qeydiyyata alınmasından imtina barədə qərar qəbul edildikdə, müraciət zamanı əvvəlcədən ödənilmiş məbləğ Sifarişçiyə qaytarılır.
5.3. Sifarişçi domen adının qeydiyyata alınmasından imtina edilməsi barədə qəbul edilmiş qərardan məhkəməyə şikayət verə bilər.
6. Domen adlarının qeydiyyat müddətinin uzadılması
6.1. Domen adının qeydiyyat müddətinin bitəcəyi tarixdən ən azı 1 (bir) ay əvvəl Qeydiyyatçı domen adının sahibinin elektron poçt ünvanına və (və ya) istifadəçi hesabına qeydiyyat müddətinin bitməsi barədə xəbərdarlıq və qeydiyyat müddətinin uzadılması barədə sorğu göndərir. Sorğunu qəbul edən domen adının sahibi qeydiyyat müddətinin uzadılması üçün qeydiyyat müddəti bitənədək Qeydiyyatçıya müraciət edə bilər. Qeydiyyat müddətinin uzadılması həmin dövr üçün mövcud Qeydiyyat müqaviləsinin şərtləri nəzərə alınmaqla həyata keçirilir.
6.2. Qeydiyyat müddətinin uzadılması ilə bağlı sorğuya domen adının sahibi tərəfindən qeydiyyat müddəti bitənədək cavab verilmədikdə, qeydiyyat müddəti bitən domen adına texniki xidmət dayandırılır. Texniki xidmətin dayandırılmasından sonrakı 30 gün ərzində ödəniş həyata keçirilmədikdə, domen adının qeydiyyatı ləğv olunur.
7. Domen adlarının istifadəsi
7.1. Domen adlarından bu Qaydalara uyğun olaraq istifadə edilməlidir.
7.2. Bu Qaydaların 4.2-4.9-cu bəndləri domen adının sahibi tərəfindən domen adının alt domeninin yaradılması və istifadəsi hallarına da şamil edilir. Domen adının sahibi tərəfindən belə alt domenin yaradılmasına görə ödəniş tələb olunmur.
7.3. Qeydiyyata alınmış domen adının qeydiyyatı aşağıdakı hallarda ləğv edilir və domen adı Reyestrdən çıxarılır:
7.3.1. domen adının sahibi (qanuni nümayəndəsi və ya varisi) müraciət etdikdə;
7.3.2. domen adının qeydiyyatının ləğv edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
7.3.3. hüquqi şəxs ləğv edildikdə;
7.3.4. Qeydiyyat müqaviləsinin şərtləri pozulduqda;
7.3.5. domen adı “Stop-list” siyahısına daxil edildikdə;
7.3.6. bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş halda.
7.4. Domen adına göstərilən texniki xidmətin dayandırılması aşağıdakı hallarda həyata keçirilir:
7.4.1. domen adının sahibi (qanuni nümayəndəsi və ya varisi) müraciət etdikdə;
7.4.2. qeydiyyatçı ilə domen adının sahibi arasında imzalanmış Qeydiyyat müqaviləsinin şərtləri əsasında;
7.4.3. məhkəmənin bu barədə müvafiq qərarı olduğu halda;
7.4.4. fiziki şəxs vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə, itkin düşdükdə və ya ölmüş elan edildikdə;
7.4.5. fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıldıqda və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda;
7.4.6. bu Qaydaların 6.2-ci, 8.6-cı və 8.7-ci bəndlərində nəzərdə tutulmuş hallarda.
7.5. Qeydiyyatçı domen adının qeydiyyatının vaxtından əvvəl ləğv edilməsi və ya domen adına texniki xidmətin dayandırılması barədə qərar qəbul etdikdən sonra 1 (bir) iş günü müddətində bu barədə məlumatı domen adının sahibinin elektron poçt ünvanına və (və ya) istifadəçi hesabına göndərir.
7.6. Domen adına texniki xidmətin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda, Qeydiyyatçı ən geci 24 saat müddətində domen adına texniki xidməti bərpa edir.
7.7. Qeydiyyatçının domen adının qeydiyyatının vaxtından əvvəl ləğv edilməsi və ya domen adına texniki xidmətinin dayandırılması barədə qərarından domen adının sahibi məhkəməyə şikayət verə bilər.
8. Reyestrin aparılması
8.1. Milli inzibatçı Reyestri formalaşdırır və aparır.
8.2. Reyestr əsas və ehtiyat serverlərə malikdir və “whois.az” domen adı ilə yaradılmış müvafiq informasiya ehtiyatı vasitəsilə ona müraciət imkanı həftənin bütün günləri 24 saat ərzində fasiləsiz təmin edilir.
8.3. Qeydiyyatçıların informasiya sistemi Reyestrə inteqrasiya olunur və “az” ölkə kodlu yüksək səviyyəli domen zonasının vahid inzibatçılığı həyata keçirilir.
8.4. 2 nömrəli əlavədə göstərilən məlumatlar Reyestrə daxil edilir.
8.5. Domen adlarının sahibləri Reyestrdə onlarla bağlı saxlanılan məlumatların düzgünlüyünə, həmçinin aktuallığının təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Bu məlumatlarda dəyişiklik baş verdikdə domen adının sahibi 3 (üç) iş günü müddətində Qeydiyyatçıya məlumat verməlidir.
8.6. Reyestrdə saxlanılan məlumatlarda baş vermiş dəyişiklik barədə domen adının sahibi 3 (üç) iş günü ərzində Qeydiyyatçıya məlumat vermədikdə, domen adına göstərilən texniki xidmət dayandırılır.
8.7. Qeydiyyatçı domen adının qeydiyyatı zamanı domen adının sahibi tərəfindən təqdim edilmiş və Reyestrə daxil edilmiş məlumatın düzgün olmadığını aşkar edərsə, bu barədə domen adının sahibinin elektron poçt ünvanına və (və ya) istifadəçi hesabına dərhal bildiriş göndərməlidir. Domen adının sahibi bildiriş göndərilən tarixdən 3 (üç) iş günü ərzində yeni məlumatları və ya bu məlumatların həqiqiliyini sübut edən sənədləri təqdim etməzsə, domen adına göstərilən texniki xidmət dayandırılır.
8.8. Reyestrdə olan məlumatların açıqlanması “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
9. Qeydiyyatçılar
9.1. “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domenlərin qeydiyyatı üzrə xidmət göstərmək istəyən şəxs Milli inzibatçıya müraciət edir.
9.2. Müraciət edən şəxsin informasiya sisteminin texniki imkanı 20 iş günü müddətində Milli inzibatçı tərəfindən yoxlanılır.
9.3. Texniki imkana aşağıdakılar daxildir:
9.3.1. informasiya sistemində sertifikatlaşdırılmış texniki qurğular və avadanlıqların istifadə olunması;
9.3.2. informasiya sistemində lisenziyalı proqram təminatlarından istifadə olunması;
9.3.3. informasiya sisteminin internetə qoşulmasının alternativliyini təmin etmək üçün ən azı iki müxtəlif blokdan ibarət İP ünvanlar sinfi ilə təchiz edilməsi;
9.3.4. informasiya sisteminin enerji təminatının dayanıqlılığı və alternativliyinin təmin olunması;
9.3.5. informasiya sistemində saxlanılan məlumatların arxivləşdirilməsi və ehtiyat nüsxələrinin yaradılması imkanının olması;
9.3.6. informasiya sisteminin kənar müdaxilələrə qarşı dayanıqlılığının və icazəsiz girişdən qorunmanın, həmçinin baş verən informasiya təhlükəsizliyi insidentlərinin qeyd olunmasının təmin edilməsi;
9.3.7. qeydiyyatdan keçirilən domen adlarının tam tarixçəsinin saxlanılması və operativ şəkildə Reyestrə ötürülməsi imkanının olması;
9.3.8. təhlükəsiz şəbəkə protokollarından istifadənin təmin edilməsi;
9.3.9. həyata keçirilən əməliyyatların qeydiyyat jurnallarının (loq faylların) aparılması və təhlili imkanının olması;
9.3.10. informasiya sistemində istifadəçi interfeysi və şəxsi kabinetin olması;
9.3.11. informasiya sisteminə elektron imzanın inteqrasiya olunmasının təmin edilməsi;
9.3.12. informasiya sisteminin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş müvafiq tələblərə cavab verməsi;
9.3.13. informasiya sisteminin həftənin bütün günləri 24 saat ərzində fasiləsiz fəaliyyətinin təmin edilməsi.
9.4. Yoxlamanın nəticəsi müsbət olduqda, Milli inzibatçı ilə müraciət etmiş şəxs arasında “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domenlərin qeydiyyatı üzrə xidmət barədə müqavilə bağlanılır.
9.5. Qeydiyyatçı ilə əlaqədar saxlanılan məlumatlarda dəyişiklik baş verdikdə, Qeydiyyatçı 3 (üç) iş günü müddətində Milli inzibatçıya məlumat verməlidir.
9.6. Qeydiyyatçılar barədə aşağıdakı məlumatlar Milli inzibatçı tərəfindən idarə olunan “www.whois.az” internet informasiya ehtiyatında açıq şəkildə yerləşdirilir:
9.6.1. hüquqi şəxsin adı, dövlət qeydiyyatı, təşkilati-hüquqi forması, ünvanı və ya fiziki şəxsin soyadı, adı və atasının adı, ünvanı;
9.6.2. əlaqə məlumatları (telefon, faks, internet və elektron poçt ünvanları).
9.7. Qeydiyyatçılar Milli inzibatçı tərəfindən idarə olunan “www.whois.az” internet informasiya ehtiyatında onlarla bağlı saxlanılan məlumatların düzgünlüyünə, həmçinin aktuallığının təmin edilməsinə görə məsuliyyət daşıyırlar.
9.8. Bu Qaydaların 9-cu hissəsində göstərilən tələblərə cavab verməyən qeydiyyatçıların səlahiyyətlərinə Milli inzibatçı tərəfindən xitam verilir. Bu halda səlahiyyətlərinə xitam verilmiş Qeydiyyatçı ilə Sifarişçi arasında bağlanılmış bütün Qeydiyyat müqavilələri üzrə hüquq və vəzifələrin icrası Milli inzibatçı tərəfindən müqavilə əsasında digər Qeydiyyatçıya onun razılığı ilə verilir.
10. Yekun müddəalar
10.1. Domen adının sahibinin dəyişdirilməsi yalnız domen adının sahibinin (qanuni nümayəndəsinin və ya varisinin) yazılı müraciəti əsasında yeni Qeydiyyat müqaviləsi bağlanılmaqla həyata keçirilir.
10.2. Domen adının sahibi ona məxsus domen adı altında fəaliyyət göstərən informasiya ehtiyatında “İnformasiya, informasiya-laşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2-ci, eləcə də “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddələ-rinin tələblərinin pozulmasına görə məsuliyyət daşıyır.
10.3. Nazirlik, Milli inzibatçı və Qeydiyyatçı domen adlarının istifadəsi ilə bağlı domen adının sahibi ilə üçüncü şəxslər arasında yaranan münasibətlərdə iştirak etmir və həmin münasibətlərə görə məsuliyyət daşımır.
__________________
“az” ölkə kodlu yüksək səviyyəli domen adlarının
qeydiyyatı və istifadəsi Qaydaları”na
əlavə
DOMEN ADININ QEYDİYYAT MÜQAVİLƏSİ
№____
Bakı şəhəri “___” _______ 20__ il
1. Tərəflər
Bir tərəfdən _____________________ (bundan sonra – Qeydiyyatçı) şəxsində və digər tərəfdən ______________________ (bundan sonra – Sifarişçi) (ayrı-ayrılıqda Tərəf, birlikdə isə Tərəflər) aşağıdakılar haqqında Müqavilə bağladılar.
2. Müqavilənin predmeti
2.1. Qeydiyyatçı Sifarişçinin müraciəti əsasında bu Müqavilədə göstərilən şərtlərlə aşağıdakı cədvəldə qeyd olunan “az” ölkə kodlu yüksək səviyyəli domen adını Sifarişçiyə təsis edir. Bu domen adına texniki xidmətin göstərilməsi və müvafiq məlumatların “Domen adların reyestrinə” (bundan sonra – Reyestr) daxil edilməsi öhdəliyini müəyyən olunmuş müddətdə üzərinə götürür.
Sıra №-si |
Domen adı |
Müddət (il) |
Qeyd |
|
|
|
|
2.2. Domen adının qeydiyyata alınması və ona texniki xidmətin göstərilməsi yalnız xidməthaqqı ödənildikdən sonra həyata keçirilir. Domen adı ilə bağlı məlumatlar Reyestrə daxil edildiyi andan qeydiyyata alınmış hesab edilir.
3. Təkliflərin hüquq və vəzifələri
3.1. Sifarişçinin vəzifələri:
3.1.1. ona təsis edilmiş domen adı ilə bağlı fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”na (bundan sonra – Qaydalar) uyğun olaraq təşkil etmək;
3.1.2. domen adının qeydiyyatı zamanı başqalarının məlumatlarından istifadə etməmək, düzgün, tam və həqiqi məlumatlar təqdim etmək, üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmamaq və Qaydalardan irəli gələn digər öhdəlikləri təmin etmək;
3.1.3. domen adının idarə edilməsi üçüncü şəxslərə ötürüldüyü halda, yaranacaq nəticələrə görə cavabdehlik daşımaq;
3.1.4. Qaydaların 4-cü bölməsində qeyd olunan domen adlarının qeydiyyatına dair tələblərə riayət etmək;
3.1.5. reyestrdə saxlanılan məlumatların aktuallığını təmin etmək, eləcə də yenilənmiş məlumatları Qaydaların 8.5-ci və 8.7-ci bəndlərində göstərilən müddətlərdə təqdim etmək;
3.1.6. göstərilən xidmətlər üzrə ödənişi vaxtında həyata keçirmək.
3.2. Qeydiyyatçının vəzifələri:
3.2.1. Qaydalara riayət etmək;
3.2.2. Qaydalarda edilən dəyişikliklər barədə Sifarişçiyə məlumat vermək;
3.2.3. müraciətlərə baxılması ilə əlaqədar Qaydalarda göstərilən müddət və prosedurlara əməl etmək;
3.2.4. Qaydalar, Müqavilə, müraciət forması və qeydiyyat proseduru barədə məlumatların qeydiyyatçıların internet informasiya ehtiyatlarında və Milli inzibatçı tərəfindən idarə olunan “www.whois.az” internet informasiya ehtiyatında yerləşdirilməsini təmin etmək;
3.2.5. domen adına keyfiyyətli texniki xidmət göstərmək;
3.2.6. domen adlarının qeydiyyatı zamanı Sifarişçiyə Müqavilənin 3.2.4-cü yarımbəndində göstərilən məlumatlarla tanış olması, habelə ödənişin elektron formada həyata keçirməsi üçün imkan yaratmaq;
3.2.7. profilaktik tədbirlər barədə Sifarişçiyə əvvəlcədən məlumat vermək, yaranmış texniki nasazlıqların ən qısa müddətdə aradan qaldırılmasını təmin etmək.
3.3. Sifarişçinin hüquqları:
3.3.1. qeydiyyata alınmış domen adından Azərbaycan Respublikasının qanunvericiliyinə və Qaydaların tələblərinə zidd olmamaq şərtilə sərbəst istifadə etmək;
3.3.2. domen adının fəaliyyəti ilə bağlı Qeydiyyatçıdan texniki məsləhətlər almaq;
3.3.3. domen adları ilə bağlı Reyestrdən məlumat almaq;
3.3.4 təsis olunmuş domen adının qeydiyyat müddətini uzatmaq.
3.4. Qeydiyyatçının hüquqları:
3.4.1. Qaydalarda və bu Müqavilədə nəzərdə tutulan hallarda Müqaviləyə xitam vermək və ya domen adına texniki xidmətin göstərilməsini müvəqqəti dayandırmaq;
3.4.2. Sifarişçinin təqdim etdiyi məlumatları yoxlamaq və ehtiyac olduğu təqdirdə, onların həqiqiliyini təsdiq edən sənədləri tələb etmək.
4. Hesablaşma qaydası
4.1. Domen adının qeydiyyata alınmasına və xidmətlərin göstərilməsinə dair xidmət haqqı Müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir.
4.2. Bu Müqavilə üzrə hesablaşmalar nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir.
4.3. Domen adı qeydiyyata alındıqdan sonra növbəti illər üçün yalnız texniki xidmət haqqı ödənilməklə, domen adının qeydiyyat müddəti uzadılır.
4.4. Qeydiyyat dövrünə görə ödəniş illər üzrə hesablanılır.
4.5. Müqaviləyə xitam verilməsi zamanı ödənişin geri qaytarılması bu Müqavilənin 5.2-ci maddəsi üzrə həyata keçirilir.
4.6. Hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılır.
5. Müqaviləyə xitam verilməsi
5.1. Bu Müqaviləyə aşağıdakı hallarda xitam verilə bilər:
5.1.1. Sifarişçi müqaviləyə xitam vermək istədiyi gündən azı 10 (on) gün əvvəl Qeydiyyatçıya müraciət etməklə;
5.1.2. Sifarişçi Azərbaycan Respublikasının qanunvericiliyinə və Qaydalara riayət etmədikdə;
5.1.3. domen adının qeydiyyatı ləğv edildikdə;
5.1.4. məhkəmənin müvafiq qərarı olduqda.
5.2. bu Müqavilənin 5.1.1-ci yarımbəndində nəzərdə tutulan hal istisna olmaqla, Müqaviləyə xitam verildikdə Qeydiyyatçı tərəfindən Sifarişçiyə domen adından istifadə edilməmiş dövr üçün aylıq mütənasibliyə uyğun hesablanılmış qalıq xidmət haqqı geri ödənilir.
6. Müqavilənin müddəti və uzadılması şərtləri
6.1. Müqavilənin müddəti bu Müqavilənin 2.1-ci bəndində verilmiş cədvəldə göstərilir.
6.2. Müqavilənin müddətinin uzadılması Qaydaların 6-cı bölməsində verilmiş prosedura uyğun olaraq həyata keçirilir.
7. Yazışmalar və bildirişlər
7.1. Bu Müqavilə üzrə Tərəflər arasında yalnız yazılı formada olan yazışmalar, faks, şəxsi hesaba göndərilən məlumatlar və bu Müqavilənin 13-cü bölməsində göstərilən rekvizitlər (hüquqi ünvan, elektron poçt ünvanı və s.) üzrə təqdim olunan bildirişlər rəsmi sənəd hesab edilir.
8. Fərdi məlumatların işlənilməsinə dair razılıq
8.1. Sifarışçi fərdi məlumatların Qeydiyyatçı tərəfindən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla işlənilməsinə dair razılıq verir.
8.2. Qeydiyyatçı Sifarişçiyə aid fərdi məlumatların “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq işlənilməsinə zəmanət verir.
8.3. Bu Müqaviləni imzalamaqla domenin fəaliyyətinin təmin edilməsi, habelə domen adları üzrə məlumatlandırılmanın həyata keçirilməsi məqsədi ilə Sifarişçi fərdi məlumatlarının “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq məlumat bazalarında, reyestrlərdə, internet informasiya ehtiyatlarında, informasiya sistemlərində yerləşdiril-məsini Qeydiyyatçıya həvalə edir.
8.4. Sifarişçi bu Müqaviləni imzalamaqla fərdi məlumatlarının digər qeydiyyatçılara, Milli inzibatçıya, eləcə də müvafiq araşdırma predmeti olduğu təqdirdə, aidiyyəti dövlət qurumlarına ötürülməsinə razılıq verir.
9. Fors–major halları
9.1. Bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirməyən və ya lazımi qaydada yerinə yetirməyən Tərəf öhdəliyin yerinə yetirilməməsinin fors-major hallarının, yəni konkret vaxt hüdudunda meydana gələn qarşısıalınmaz fövqəladə halların səbəbindən baş verməsini sübut etdiyi halda, heç bir məsuliyyət daşımır.
9.2. Fors-major (qarşısıalınmaz) hallara təbii fəlakətlər (zəlzələ, daşqın, vulkan püskürməsi, torpaq sürüşməsi, sunami və s.), Müqavilə üzrə öhdəliklərin icra edilmə yerində insan üçün normal həyat fəaliyyətini istisna edən küləyin gücü, hərarət (müsbət və ya mənfi), çöküntülərin dərəcəsi və Tərəflərin icra olunmalı öhdəlikləri üçün fövqəladə hal kimi qarşılıqlı müəyyən edə bildikləri digər hallar aid edilir.
9.3. Fors-major halları nəticəsində Müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirə bilməyən və ya öhdəliklərini yerinə yetirməkdə gecikən Tərəf vəziyyətlə bağlı digər tərəfə məlumat verməlidir.
9.4. Fors-major halları yarandığı halda, bu Müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar Tərəflər qarşılıqlı məqbul saydıqları razılaşmaya nail olmağa çalışmalıdır.
10. Mübahisəli halların həll edilməsi
10.1. Bu Müqavilədən irəli gələn bütün mübahisəli hallar danışıqlar yolu ilə həll edilir.
10.2. Danışıqlar yolu ilə həlli mümkün olmayan mübahisəli hallara Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında baxılır.
11. Müqavilədə dəyişikliklər edilməsi
11.1. Bu Müqavilədə bütün dəyişikliklər Tərəflərin rəsmi müraciəti və qarşılıqlı razılığı ilə edilə bilər.
11.2. Bu Müqavilədə edilən dəyişikliklər onun ayrılmaz hissəsi sayılan Əlavə Razılaşma ilə rəsmiləşdirilir.
12. Yekun müddəalar
12.1. Müqaviləyə xitam verilməsi Müqavilə müddətində Azərbaycan Respublikası qanunvericiliyinin, Qaydaların və bu Müqavilənin tələblərinin pozulmasının nəticələrinə görə məsuliyyətdən azad etmir.
12.2. Tərəflər öz ünvan, rekvizit və bu Müqavilə üzrə təqdim etdiyi məlumatlarda olan bütün dəyişikliklər barədə 3 (üç) gün müddətində bir-birini xəbərdar etməlidirlər.
12.3. Sifarişçi domen adının qeydiyyatdan keçirilməsi üçün müraciət etməzdən əvvəl Qaydalar və Qeydiyyat Müqaviləsi ilə tanış olduğunu və onların şərtlərini qəbul etdiyini təsdiq etməlidir.
12.4. Müqavilə Qaydaların 3.14-cü bəndində göstərilən formada qüvvəyə minmiş hesab edilir. Sifarişçi bu Müqavilənin çap olunmuş variantda imzalanması üçün Qeydiyyatçıya müraciət edə bilər.
13. Tərəflərin hüquqi ünvanları və bank rekvizitləri
Hüquqi ünvanı:
Elektron poçt ünvanı:
Bank rekvizitləri: |
SİFARİŞÇİ _______________________
Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi: _____________
Elektron poçt ünvanı:
Bank rekvizitləri:
|
|
||
|
İmza: |
İmza: |
||
|
M. Y. |
M. Y. |
||
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 25 fevral
tarixli 63 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
2 nömrəli əlavə
Domen adlarının reyestrinə daxil edilən məlumatların
SİYAHISI
Sıra №-si |
Məlumatın adı |
1. |
Domen adı |
2. |
Qeydiyyatçının adı |
3. |
Domen adının sahibinə dair məlumatlar: |
3.1. |
adı, soyadı və atasının adı |
3.2. |
domen adı hüquqi şəxsə aid olduqda, təşkilatın tam adı |
3.3. |
domen adının sahibinin ünvanı |
3.4. |
elektron poçt ünvanı |
3.5. |
sabit və (və ya) mobil telefon nömrəsi |
4. |
DNS serverlərin texniki məlumatları: |
4.1. |
əsas DNS serverin adı və İP ünvanı |
4.2. |
əlavə DNS serverin adı və İP ünvanı |
5. |
Qeydiyyat müddəti |