Kənd Təsərrüfatı Nazirliyinin Bitki-Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə birlikdə bitki xəstəliklərini müəyyən edən mobil tətbiq (“HealWith”) hazırlayıb.
FED.az xəbər verir ki, bunu nazirliyin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib.
"Mobil tətbiq xəstəliyin müalicəsi ilə bağlı da istifadəçini məlumatlandırır. Məhz süni intellekt sayəsində indi yalnız xəstəliyin simptomlarını deyil, həm də konkret patogenləri müəyyən etmək, bitki-patogen qarşılıqlı əlaqəsini anlamaq, həm torpaqda, həm də bitkilərdə qida çatışmazlığını təhlil etmək mümkündür. Süni intellektlə bağlı proqram təminatı ayrı-ayrı bitkilərin xəstəliklərini dəqiq müəyyənləşdirməyə və məlumatları emal etməyə imkan verir", - deyə o qeyd edib.
A.Cəfərov əlavə edib ki, mobil tətbiq fermerlərə su, gübrə və pestisidlər kimi resurslardan daha optimal istifadə etmək kimi üstünlüklər də verir: "Bu dəqiq əkinçilik nəinki sahədən toplanan məhsulun məhsuldarlığını və keyfiyyətini artırır, eləcə də tullantıları və ətraf mühitə mənfi təsirləri minimuma endirir. Eyni zamanda bu vasitə aqronomun işinə də kömək edir”. (Report)