Azərbaycanda günün axşam saatlarında ərzaqların daha ucuz satışına imkan verən startap yaradılıb.
FED.az xəbər verir ki, 2022-ci ildə yaradılan “SnackPack” mobil platforması «axşambazarı» prinsipi ilə işləyir, yəni gün ərzində satılmayan ərzaq mallarının və qidaların güzəştli şərtlərlə satışını nəzərdə tutur.
“SnackPack” ideyası 2022-ci ildə, startapın müəllifləri Ramil Tağıyev və qardaşı Emil Tağıyevin təşəbbüsü ilə yaradılıb.
İaşə obyektlərində – restoran və kafelərdə qida israfının geniş yayıldığını görən layihə müəllifləri “axşam bazarı” prinsipini tətbiq etməyi qərara alıblar.
“SnackPack” rəqəmsal “axşam bazarı” mobil tətbiqidir. İstifadəçilər tətbiqi yükləyərək məkanların bağlanma saatlarında yeməkləri böyük endirimlərlə alır. Bununla onlar həm qənaət etmiş, həm də qida israfını azaltmış olurlar. Layihə həm qida israfını azaldır, həm də qənaətə imkan verir. Hazırda bu prosesə bir sıra kafe, şirniyyat mağazaları və hotellər qoşulub.
“SnackPack” startapı hazırda dünya bazarına çıxmağa çalışır, ilk olaraq Özbəkistan bazarı nəzərdə tutulur. Bunun üçün SnackPack komandası “IT Park Uzbekistan” texnoloji xabı tərəfindən təşkil olunan üçaylıq inkubasiya proqramında iştirak edir, uğur qazansa, layihə Özbəkistanda da başlayacaq.












