«Hazırda 5G Azərbaycan bazarı üçün yararlı texnologiya deyil. Yeni texnologiyadır, lakin Azerbaycanda ondan istifadə etmək imkanları çox məhduddur».
Bunu FED.az-a «Bakcell» şirkətinin baş icraçı direktoru Rainer Rathgeber bildirib.
Eləcə də bax: “Bakcell” Azərbaycanda ən sürətli mobil internet - TƏQDİM EDİR
Şireət rəhbəri bildirib ki, hal-hazırda 5G mobil rabitə sahəsinin istehlak bazarı üçün yararlı və lazımlı bir texnologiya deyil və yaxın gələcəkdə bu vəziyyət dəyişməyəcək: «Bu texnologiyanın yeganə üstünlüyü qısa siqnalvermə intervalıdır, hansı ki, bu gün yalnız robotlaşdırılmış zavod və fabriklərdə istifadə oluna bilər. Bundan əlavə, dünyada avtomobilin avtomatlaşdırılmış idarə edilməsi üçün də bu texnologiyadan istifadə olunur, bu da bizim mobil rabitə bazarında yaxın illərdə istifadə olunmayacaq»-deyə «Bakcell» rəhbəri bildirib.
Şirkət rəhbərinin sözlərinə görə, istehlakçıların bu texnologiyanı dəstəkləyən cihazları da demək olar ki yoxdur: «İstifadə etdiyimiz texnologiyalar, yəni 2G, 3G və 4G bütün dünyada ən effektiv texnologiyalar hesab olunur. Bu texnologiyalar bütün mobil rabitə ehtiyacları ödəmək imkanına malikdirlər və hətta indiki istehlakçılar və cihazlar 4G texnologiyasının bütün imkanlarını istifadə etmir».
Şirkət rəhbərinin sözlərinə görə, «5G» texnologiyasından istifadə etmək üçün həm baza stansiyaların sayı, həm də əhatə dairəsi ikiqat artırılmalıdır: «Bu isə yalnız bu avadanlığı istehsal edən İsveç və Çin şirkətlərinin xeyrinə olacaq, adi istifadəçilər isə bundan yararlana bilməyəcəklər. Belə bir investisiya hazırda məqsəde uyğun deyil. Çünki istehlakçılar bu texnologiyadan istifadə etməyəcəklər».-deyə Bakcellin rəsmisi bildirib.