Azərbaycana xaricdən idxal olunan smartfonların orta qiyməti 210 dollar ətrafındadır.
FED.az xəbərn verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlardan məlum olub.
Komitənin məlumatına görə, 2022-ci ilin 1-ci yarısında (yanvar-iyun aylar) ölkəyə xaricdən ümumilikdə 467 758 ədəd mobil telefon və başqa simsiz rabitə vasitələri gətirilib. Bunların ümumi dəyəri 92 milyon 649 min dollar olub.
Başqa sözlə, telefonların və rabitə vasitələrinin hər birinin orta qiyməti 198 dollar təşkil edib.
Ötən illə müqayisədə gətirilən telefonların sayı 42,6%, onların ümumi dəyəri isə 26% azalıb. Başqa sözlə, ötən ilin eyni dövründə ölkəyə ümumi dəyəri 125,2 milyon dollar olan 815 min mobil telefon gətirilib. O zaman telefonların qiyməti daha ucuz olub – 153,6 dollar.
Komitənin məlumatlarından görünür ki, ölkəyə gətirilən mobil telefon və smartfonların əsas hissəsi 3 ölkədən – Çin, Vyetnam və Hindistandan gətirilir.
Bu ilin ilk 6 ayında idxal edilən telefonların böyük hissəsi - 53 milyon 435 min dollar dəyərində 270 369 ədədi Çindən, 27 milyon 113 min dollar dəyərində 144 899 ədədi Vyetnamdan (), 11 milyon 472 min dollar dəyərində 51915 min ədədi Hindistandan gətirilib.
Gömrük məlumatlarında ölkəyə smartfonların idxalı rəqəmləri də açıqlanır. Belə ki, 2022-ci ilin 6 ayı ərzində Azərbaycana 23 milyon 313 min dollar dəyərində 111 401 ədəd smartfon idxal olunub. 1 smartfonunun orta qiyməti 210 dollardan rəsmiləşdirilib.
Ölkəyə gətirilən smartfonların böyük hissəsi – 66,5 min ədədi Çindən gətirilib – ümumi dəyəri 13 milyon 8 min dollar. Vyetnamdan ümumi dəyəri 8 milyon 369 min dollar olan 36 576 ədəd, Hindistandan isə ümumi dəyəri 1 milyon 931 min dollar olan 8 315 min ədəd smartfon gətirilib.
Çindən gətiriən smartfonların orta qiyməti 196 dollar, Vyetnamdan gətirilən smartfonların orta qiyməti 229 dollar, Hindistandan gətirilən smartfonların qiyməti isə 232 dollar təşkil edib.