Azərbaycandakı startaplara investisiya gəlb olunması üçün yeni imkanlar yaranıb.
FED.az xəbər verir ki, qarşıdakı dövrlərdə Azərbaycan startaplarına türkiyəli investorlar pul yatıracaqlar.
Bu məsələ Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun startaplara vəsait yatırılması üzrə ixtisaslaşmış şirkətlərinin rəhbərlərinin görüşündə müzakirə edilib. KOBİA-nın rəhbəri Türkiyənin “Alternatif SuperApp” şirkətinin baş icraçı direktoru Zeynel Enes Mirza və “Fonangels” platformasının təsisçisi Yavuz Kuş ilə görüşüb.
Görüşdə həmin şirkətlərin ölkəmizə investisiya qoyuluşu imkanlarına, məhsullarının yerli bazarda tanıdılmasına, Azərbaycan startaplarının layihələrinin “Fonangels” platforması vasitəsilə maliyyələşdirilməsi və dəstəklənməsinə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüşdə iştirak edən hər iki şirkət - “Alternatif SuperApp” və “Fonangels” çoxsaylı kiçik investorlardan startaplara vəsaitlərin cəlb edilməsi üzrə ixtisaslaşıblar.
Belə ki, “Fonangels” şirkəti yatırım komitəsinin müəyyən etdiyi startapları yatırım cəlbinə çıxarır və onun reallaşması üçün investorlara açıq elan edir. Bura yatırılan vəsaitlər hesabına startap inkişaf etdirilir və yatırımçılara gəlir gətirir.
Hazırda “Fonangels” platformasında investisiya cəlbinə çıxarılmış 10-larla startap layihəsi var və onların hər birinin reallaşması üçün nə qədər vəsait lazım olduğu və bunun artıq hansı hissəsinin toplandığı göstərilir.