Azərbaycan və Qazaxıstan arasında dənizin dibi ilə Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilməsi üçün bu il əməli işlərə başlanılması gözlənilir.
Azərbaycan və Qazaxıstanın Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırdığı investisiyaların həcmi - AÇIQLANDI
FED.az xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib.
Onun sözlərinə görə, hazırda bunun üçün podratçı şirkət seçilir.
“Əvvəlcə kabeli istehsal etmək, sonra onu Xəzər dənizinə gətirmək və dibinə salmaq lazımdır. Bu il və gələn il layihənin böyük hissəsi tamamlanacaq",- deyə səfir qeyd edib.
Trans-Xəzər Fiber-Optik Kabel Xətti layihəsi Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə yüksək məlumat ötürmə imkanına sahib magistral fiber-optik kabel xətlərinin çəkilməsi üzrə layihədir.
Layihədə məqsəd Xəzər dənizinin dibi ilə iri həcmli məlumatların ötürülməsinə imkan verən magistral kabel xətlərinin çəkilməsi ilə Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə Rəqəmsal İpək Yolunu (Digital Silk Way) formalaşdırmaqdır.
Xəzərin dibi ilə optik xəttin çəkilişi 370 kilometr uzunluqda olacaq. Qazaxıstan və Azərbaycanın rabitə operatorlarının investisiyaları 23 milyard təngədən (50,6 milyon ABŞ dolları) çox təşkil edir. (Report)