Bu il aprelin 12-də bəşəriyyət kosmosa ilk insan uçuşunun 60 illiyini qeyd etdi. 8 il əvvəl isə Azərbaycan Fransa Qvianasındakı (Cənubi Amerika) Kuru kosmodromundan ilk telekommunikasiya peykini - “Azərspace-1”i uğurla fəzaya buraxdıqdan sonra dünya kosmik klubunun üzvü oldu.
Eləcə də bax: Azərbaycanın peyki vasitəsilə yüksək keyfiyyətli internet - İstifadəyə Verildi
Ənənəvi olaraq, Azərbaycandakı bütün böyük investisiya təşəbbüslərinin başlanğıcında olduğu kimi, bu “kosmik” layihələrin effektivliyi və kommersiya faydaları barədə də kifayət qədər şübhələr var idi.
Ancaq zaman xərclənən vəsaitin son qəpiyinə qədər özünü doğrultduğunu göstərdi, özü də təkcə iqtisadi baxımdan yox. Bu peyklər sayəsində Azərbaycan İkinci Qarabağ müharibəsi dövründə düşmənləri üzərində ciddi üstünlük qazandı, bu gün isə onlardan artıq azad edilmiş ərazilərdə yenidənqurma işlərini sürətləndirmək üçün istifadə edirik.
4 ilə 3 peyk
Bu günlərdə Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tabeliyində Kosmik Agentlik yaradılması haqqında fərman imzalayıb. Agentlik kosmik fəaliyyət sahəsində əldə edilmiş uğurların və inkişafın davam etdirilməsi, dünyada gedən sürətli texnoloji tərəqqidən ölkəmizin daha çox faydalanması, kosmik fəaliyyət sahəsində idarəetmə, tənzimləmə, əlaqələndirmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə “Azərkosmos” ASC-nin əsasında yaradılıb.
Bununla da dövlət başçısı Azərbaycanın “kosmik” sahədə potensialını artırmağa davam edəcəyini bir daha təsdiqləyib.
Xatırladaq ki, orbitə müxtəlif məqsədləri yerinə yetirən üç Azərbaycan peyki buraxılıb: “Azərspace-1” (2013), “Azərsky” (2014) və “Azərspace-2” (2018).
Hələ 2018-ci ilin sentyabrında Prezident İlham Əliyev xalqı “Azerspace-2” peykinin buraxılması münasibətilə təbrik edərkən qeyd etmişdi ki, ölkə üçün peyklərə sahib olmağın əsas üstünlükləri bunlardır: Azərbaycan telekanallarının proqramlarını dünyanın digər ölkələrində yayımlamaq imkanı; Azərbaycanın və dünyanın istənilən yerində hadisələrin izlənməsi; kosmik sənayedə beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi; hərbi potensialın gücləndirilməsi.
O cümlədən, “Azerspace-1” və “Azerspace-2” rəqəmsal teleradio yayımı və internetə giriş xidmətləri təqdim edə, çoxxidmətli VSAT şəbəkələri yarada, məlumatları ötürə və hökumət rabitəsini təmin edə bilər. Onların əhatə dairəsi çox sayda bölgəni – Şərqi, Orta və Qərbi Afrikanı, Avropanı və Orta Asiyanı əhatə edir.
“Azərsky” peykini isə Azərbaycan “Azərkosmos”la Fransanın “Airbus Defence and Space” şirkəti arasında imzalanan müqavilə çərçivəsində əldə edib. Bu peyk Yer səthinin uzaqdan müşahidə edilməsinə imkan verir və sutka ərzində 6 milyon kvadratmetr ərazinin yüksək keyfiyyətli şəkillərini çəkmək üçün lazımi gücə malikdir.
Müharibədən əvvəl, müharibə dövründə və müharibə sonrası
Məhz son keyfiyyət Qarabağ uğrundakı 44 günlük müharibə zamanı Azərbaycana çox faydalı oldu. Ancaq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan peyklərdən hərbi məqsədlər üçün də istifadə edəcəyini gizlətmirdi. Sadəcə bir neçə ay əvvəl çox az adam kosmosun faydalarının reallıqda nə qədər vacib və genişmiqyaslı ola biləcəyini təsəvvür edirdi...
“Vətən müharibəsi dövründə düşmənin hərəkətlərini onlayn formatda izləmək və onların təxribatlarının qarşısını almaq əlbəttə ki, bizə əlavə üstünlük yaratdı. Təsadüfi deyil ki, Vətən müharibəsi, Azərbaycanın apardığı əməliyyatlar dünyada hərbi ekspertlər tərəfindən XXI əsrin müharibəsi adlandırıldı. Çünki bu, texnoloji inkişaf baxımından bir yenilik idi”, - daha əvvəl Prezident İlham Əliyev söyləyib.
Bəli, peyklər ötən ilin payızındakı müharibə dövründə Azərbaycana əvəzsiz xidmətlər göstərdi, onların ötürdükləri məlumatlar sayəsində həmçinin düşmənin cinayət əməllərini inamla göstərə və yalan bəyanatlarını təkzib edə bildik.
Üstəlik, bu müşahidələr, əlbəttə ki, artıq bir neçə ildir aparılır və toplanan material Ermənistandan dəymiş ziyana görə təzminat tələb etmək üçün kifayətdir. “Azərsky” ermənilər tərəfindən Qarabağda qanunsuz olaraq meşələrin qırılması və xarici şirkətlərin iştirakı ilə filiz yataqlarından istifadə edilməsi, inşaat işlərinin aparılması və əkinçilik ərazilərinin istismarı kimi halları qeydə alıb. Kosmosdan alınan fotoşəkillər sayəsində Azərbaycan ermənilərin torpaqlarımızda yanğınları necə törətdiklərinə və Qarabağda Azərbaycanın tarixi və mədəni irsi ilə necə vəhşicəsinə davrandıqlarına dair inkaredilməz dəlillərə sahibdir.
Bu gün isə bu peyklər azad edilmiş ərazilərin şəkillərini çəkir, bu da bir tərəfdən onların bərpası ilə bağlı işləri xeyli sürətləndirməyə imkan verir: mütəxəssislər əllərində məkanın detallı təhlili olan zaman birbaşa ərazidə olmadan da müəyyən hazırlıqlar görə bilərlər. Axı azad edilmiş torpaqların müəyyən hissəsi hələ də mina ilə doludur və oraya mütəxəssislərin ekspedisiyalarını təşkil etmək hələ mümkün deyil.
Bu arada, Kənd Təsərrüfatı naziri İnam Kərimovun da qeyd etdiyi kimi, bu ərazilərdə əkin üçün, o cümlədən çoxillik əkinlərə qulluq üçün aqrotexniki tədbirlərin görülməsi məqsədi ilə artıq ilkin işlər aparılır. Aqrar qurum məhz çoxillik əkinlərin peyk şəkillərinə əsasən Qarabağ bölgəsindəki əkin sahələrinin xəritələşdirilməsini həyata keçirir.
Kommersiya effektivliyi
Peyklərdən əldə olunan kommersiya faydalarına və yatırılmış investisiyaların qaytarılmasının mümkün olub-olmadığına dair suala gəlincə, “Azərkosmos” buna 100% əmindir. Bu gün dəyəri 233 milyon ABŞ dolları olan “Azərspace-1” peykinin resurslarının 80%-i kommersiya istismarındadır. Mütəxəssislərin proqnozlarına görə, ümumi dəyəri 190 milyon ABŞ dolları olan “Azərspace-2” peyki isə Azərbaycan iqtisadiyyatına 400 milyon ABŞ dolları həcmində gəlir gətirəcək.
Daha əvvəl xəbər verildiyi kimi, “Azərkosmos”un 2020-ci ildə peyklərin kommersiya istismarından əldə etdiyi gəlirlər 45,1 milyon ABŞ dolları təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 3,9% çoxdur. Bu ilin birinci rübündə isə dövlət xəzinəsinə 10,6 milyon ABŞ dolları daxil olub və bu, 2020-ci ilin birinci rübünə nisbətən 2% çoxdur.
Eyni zamanda, “Azərspace-1” peykinin gəlirlərinin 80%-i, “Azərsky” peykinin gəlirlərinin isə 98%-i xarici bazarlarda formalaşır. Bu gün “Azərkosmos” da dünyanın 25-30 ölkəsindən 100-dən çox özəl və dövlət şirkətini əhatə edən sabit müştəri bazasına malikdir. “Reuters”, MTV, “National Geographic” kimi media nəhəngləri məhz “Azərkosmos”u biznes tərəfdaşı kimi seçirlər.
Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan peyk ehtiyatlarından istifadənin səmərəliliyini fəal şəkildə artırmağa davam edəcək. 2019-cu ildən bəri “Azərsky” peyki vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı həyata keçirilir və bu çərçivədə peyk şəkillərinin işlənməsi və xidmət göstərilməsi mərkəzləri yaradılır.
Dövlət proqramı müxtəlif sahələrdə daha böyük iqtisadi dəyər yaratmaq üçün peyk şəkillərindən istifadəni, yeni faydalı xidmətlərin yaradılmasını, onların ixrac potensialının gücləndirilməsini, eləcə də rəqəmsal coğrafi məlumatların tez əldə edilməsi üçün strukturlar arasında koordinasiya mexanizminin yaradılmasını təmin edir.
Bundan əlavə, peyklər, gözlənildiyi kimi, Azərbaycan telekanallarının xaricdə yayım imkanlarını genişləndirir, sürətli internetə çıxış keyfiyyətini artırır. Məsələn, bugünlərdə “Azərkosmos” “Azərspace-1” vasitəsilə fasiləsiz, təhlükəsiz və keyfiyyətli rabitə təmin edən “Azconnexus” peyk internet platformasını istifadəyə verib.
“Azconnexus” kabel internetinin, mobil rabitənin zəif və ya mövcud olmadığı, 3G/LTE şəbəkəsinin sürətinin aşağı olduğu ərazilərdə yerləşən müəssisələri sürətli internet ilə təmin edəcək.
Bundan əlavə, peyk müşahidələri digər böyük kənd təsərrüfatı və ya digər layihələri həyata keçirərkən pula qənaət etməyə imkan verir.
Başqa sözlə, hansı tərəfdən baxsaq, Azərbaycanın kosmik sənayeyə qoyduğu investisiyaların səmərəliliyi özünü tam doğruldur. Üstəlik, ölkənin kifayət qədər qısa müddətdə dünya kosmik klubundakı mövqeyini xeyli gücləndirdiyini də söyləmək lazımdır. Mövqeyimiz o qədər güclənib ki, Bakı Sinqapur, Rio de Janeyro və Delhi kimi şəhərlərlə mübarizədən qalib ayrılaraq 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ əldə edib. Əlbəttə, bu tədbirdən sonra ölkəmiz üçün kosmik sahədə yeni üfüqlər açıla bilər.
Qulu Nuriyev – ekspert
(Report)