Bu ilin fevral ayında Azərbaycan mobil internetin sürətinə görə 137 ölkə arasında 37,42 MB/S sürətlə 57-ci yerdə qərarlaşıb.
Rəşad Nəbiyev: "Azərbaycanda genişzolaqlı internetin orta sürəti 50% artıb"
FED.az xəbər verir ki, bu barədə “Speedtest Global Index”ə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan bu ilin yanvar ayına nisbətən 7 pillə irəliləyib.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ, 179,61 MB/S), sonuncu - 137-ci yeri isə Əfqanıstan (4,04 MB/S) tutub.
Ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 117-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 1 pillə irəliləməkdir. Fevralda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 27,57 MB/S olub.
Sabit genişzolaqlı internetin sürəti ilə bağlı araşdırma 180 ölkədə aparılıb. Birinci yeri Sinqapur (237,15 MB/S), sonuncu yeri isə Kuba (1,88 MB/S) tutub.
Bundan başqa, yanvarda Bakı şəhəri mobil internetin sürətinə görə 3 pillə irəliləyərək 39,42 MB/S sürətlə 171 şəhər arasında 74-cü yerə sahiblik edib. Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 30,07 MB/S sürətlə 135-ci pillədə qərarlaşıb ki, bu da 1 pillə irəliləməkdir.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 229,57 MB/S sürətlə BƏƏ-nin Dubay şəhəri, sonuncu yeri isə 3,88 MB/S sürətlə Əfqanıstanın paytaxtı Kabil şəhəri tutub.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 194 şəhər rəqabət aparıb. Siyahıya Çinin paytaxtı Pekin 260,08 MB/S sürətlə liderlik edib. Suriyanın Hələb şəhəri isə 1,66 MB/S sürətlə sonuncu olub. (Report)