Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində İnnovasiyalar Agentliyi 30 ildən artıq fəaliyyət göstərən inkubasiya və akselerasiya mərkəzlərinin, təhsil müəssisələrinin inkişafını dəstəkləyən Beynəlxalq Biznes İnnovasiya Assosiasiyasına (InBIA) üzv seçildi.
FED.az xəbər verir ki, agentlikdən verilən məlumata görə, Assosiasiyanın əsas missiyası inkubator və akselerasiya mərkəzlərinin, təhsil müəssisələrinin və regional sahibkarlıq mərkəzlərinin fəaliyyətini mükəmməlləşdirmək üçün lazım olan bütün dəstəkləyici alətləri təklif etməkdir. 60-dan artıq ölkədə 2000-dən çox üzvü olan InBIA hazırda dünyada innovasiya və sahibkarlığın inkişafı sahəsində fəaliyyət göstərən ən böyük şəbəkələrdən birinə malikdir.
Biznes inkubasiya və akselerasiya mərkəzləri, sahibkarların inkişaf mərkəzləri və digər qurumlar assosiasiyanın təcrübəsindən yararlana bilər. Təlim proqramlarında iştirak etmək, lazım olan mentorlar və ekspertlərlə tanış olmaq imkanı, həmçinin sənaye sahələrindən son xəbərlərlə məlumatlanmaq və qlobal şəbəkədə təcrübə mübadiləsində yeni biliklər əldə etmək gənc sahibkarların inkişafını tezləşdirə bilər. Hər bir üzv assosiasiyanın təqdim etdiyi beynəlxalq standartlara uyğun sertifikasiya keçmək imkanını da qazanır.
Assosiasiya mütəmadi olaraq müxtəlif sənaye sahələrinin inkişafı mövzusunda, qlobal trendlər və digər aktual sualları cavablandıran tədbirlər keçirir. İnnovasiyalar Agentliyinin InBIA-ya üzv seçilməsi Azərbaycanda innovasiya ekosisteminin inkişafına müsbət töhfəsini verəcək. (Apa)