Bu gün, fevralın 25-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və yerli innovasiya ekosisteminin fəal üzvləri arasında dəyirmi masa keçirilib.
FED.az xəbər verir ki, tədbirdə yerli startap icması, innovativ həllər və rəqəmsal inkişaf mühitinin inkişaf etdirilməsinə dəstək olan şirkətlərin rəhbərləri, rəsmi qurumlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşdə innovasiya və startap ekosisteminin cari vəziyyəti, müasir çağırışlar, problemlər istiqamətində fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyevin müvafiq sənədləri imzalaması ilə bu ildən ölkəmizdə İKT sektoruna tətbiq olunan güzəştlərin sahibkarlar üçün yaratdığı geniş imkanlar müzakirə olunub.
Nazir çıxışında ekosistemin inkişafı, gücləndirilməsi ilə bağlı görülən işlər, bu sahədə tətbiq olunan strategiyalar barədə danışaraq İKT sahəsində yaradılan yeni imkanların əhəmiyyətini önə çəkib.
Görüşdə iştirak edən “Ernst and Young” şirkətinin nümayəndəsi Arzu Hacıyeva Azərbaycanda texnoloji ekosistemin inkişafı üçün qanunvericiliyə edilən dəyişikliklərin xülasəsi ilə bağlı təqdimat keçirib.
Sonra tədbir iştirakçıları arasında interaktiv müzakirə baş tutub. Nazir və digər rəsmi şəxslər ekosistemdə gedən proseslər, yeni biznes mühitinin yaradılması ilə bağlı islahatlar, vergi sistemində innovativ şirkətlərin fəaliyyətinə edilən imtiyazlar haqqında auditoriyanın suallarını cavablandırıblar.