Avstriya 2019-cu ildə rəqəmsal xidmətlərə görə yeni vergi tətbiq edəcək.
FED.az xəbər verir ki, bu barədə Avstriyanın federal kansleri Sebastian Kurts hökumətin gələn il üçün fəaliyyət planını şərh edərkən bildirib.
Avropa Komissiyası tərəfindən internet nəhənglərinin Avropada əldə etdikləri gəlirlərdən vergi tutulmasına dair təklifi İttifaq daxilində birmənalı qarşılanmayıb. İrlandiya və bəzi Skandinaviya ölkələri belə bir verginin tətbiq olunmasının qəti əleyhinədirlər və bu da Avropa İttifaqının vahid mövqedən çıxış etməsini əngəlləyir.
Eləcə də bax: «Facebook»a meydan oxuyanlar – YENİ MEDİA DÖVRÜ
Ümumavropa razılaşması əldə edilmədikdən sonra bir sıra ölkələr, eləcə də Avstriya rəqəmsal vergiləri milli müstəvidə reallaşdırmaq niyyətindədir.
S.Kurts bildirib ki, kiçik və orta sahibkarlıq müəssisələrinin bütün vergilərə cəlb edildiyi halda, ölkədə nümayəndəliyi olmayan internet nəhənglərinin vergilərdən yayınması yerli şirkətlərə qarşı ədalətsizlik və rəqabətə zərbədir. Bu məqsədlə də yanvar ayında ölkənin maliyyə naziri Hartviq Löqer növbəti maliyyə islahatı çərçivəsində rəqəmsal vergilərlə bağlı hökumətin təklifini təqdim edəcək. Vergi dərəcəsinin hansı səviyyədə olacağı isə hələlik məlum deyil.
Qeyd edək ki, Avropa Komissiyasının təklifi reallaşmadıqdan sonra Avstriya, İtaliya və İspaniya da fərdi qaydada milli müstəvidə rəqəmsal vergi tətbiq etməyə hazırlaşırlar.
Eləcə də bax: İran “Instagram”ı qadağan edir