“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta Platforms” şirkəti istifadəçi məlumatlarını ABŞ-a sızdırdığına görə Avropa Birliyi səlahiyyətliləri tərəfindən rekord məbləğdə 1,3 milyard dollar cərimələnib.
FED.az xəbər verir ki, İrlandiya Məlumatların Mühafizəsi Komissiyası məlumat ötürülməsi pozuntularına görə Facebook sahibi Meta-nı 1,3 milyard dollar cərimələyib.
İrlandiya Məlumatların Mühafizəsi Komissiyasının qərarı nəticəsində "Meta" həmçinin 5 ay ərzində ABŞ-a istənilən şəxsi məlumat ötürülməsini dayandırmalı və 6 ay ərzində məlumatların işlənməsi fəaliyyətini komissiyanın qaydalarına uyğunlaşdırmalıdır.
"Meta"nın mövzu ilə bağlı verdiyi açıqlamada qərarın "ədalətsiz" və "lazımsız" olduğu, "təhlükəli bir presedent" yaradacağı və qərara etiraz ediləcəyi bildirilir. Eləcə də bildirilir ki, bu qərar Avropada Facebook-dan istifadə ilə bağlı heç bir problem yaratmayacaq.
Qərar ABŞ hökumətini Meta və minlərlə transmilli şirkətlər üzərində nəzarəti gücləndirməyə vadar edə bilər.
Facebook keçən il ABŞ serverlərində Aİ məlumatlarını emal edə bilməyəcəyi təqdirdə Avropada Facebook və Instagram-ı bağlamaqla hədələmişdi.