“Son zamanlar bəzi xəbər saytlarında ARB telekanalında ixtisarlar olması barədə yayılan məlumatla bağlı bildirmək istəyirik ki, bu, reallığı əks etdirmir”.
Eləcə də bax: Tanınmış jurnalist ARB TV-yə direktor təyin edildi
FED.az xəbər verir ki, bunu açıqlamasında ARB telekanalının mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli deyib.
O bildirib ki, pandemiya başlamazdan əvvəl - 2020-ci ilin yanvar ayında ARB24 MMC-nin tərkibindəki ARB və ARB24 telekanallarında 344 nəfər əmək müqaviləsi ilə çalışırdısa, hazırda bu rəqəm 341-dir: “Yanvardan indiyədək bir neçə əməkdaş işdən çıxıb, eləcə də yeniləri işə götürülüb. Bu, təbii haldır. Bütün telekanallarda cari mövsüm bitəndə reytinqi aşağı olan bəzi layihələr dayandırılır, yeni mövsüm üçün yeni layihələr hazırlanır. Buna görə də yeni mövsümlə əlaqədar bəzi əməkdaşların işdən çıxması və yenilərinin işə götürülməsi baş verir. Bildirmək istəyirik ki, qarşıdakı televiziya mövsümündə 20-dən çox yeni əməkdaşın işə götürülməsi nəzərdə tutulur. Buna görə də pandemiya dövründə ARB telekanalında guya ixtisarların olması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir və spekulyasiya xarakteri daşıyır”.
ARB telekanalının reytinqinin aşağı olması ilə bağlı səsləndirilən iddiaya gəlincə, Ozal İbrahimli bildirib ki, 2016-2017-ci il mövsümündə telekanalın ümumi reytinqi 2.18% idisə, 2019-2020-ci il mövsümündə bu rəqəm 7.47% olub:
“Göründüyü kimi, ilk mövsümlə müqayisədə hazırda reytinq 3.4 dəfədən çox artıb. 2019-2020-ci il mövsümünün nəticələrinə görə, ARB ölkə telekanalları arasında reytinqinə görə 3-cü olub”, - deyə o əlavə edib. (Apa)