Bu gün, noyabrın 30-da Bakıda «InMerge İnnovasiya Sammiti» öz işinə başlayacaq. «InMerge» regionun ən böyük innovasiya sammitidir.
2 gün - 30 noyabr və 1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək sammitdə telekommunikasiya, maliyyə texnologiyaları, rəqəmsallaşma və elektron ticarət kimi sahələr müzakirə olunacaq, bu mövzularda çıxışlar, panellər və təqdimatlar olacaq.
Sammitdə çıxışlarla yanaşı, startaplar öz ideyalarını iştirakçılara təqdim edəcək və dünyaca məşhur ekspertlərdən təlimlər alacaqlar.
Sammitdə «Apple» şirkətinin həmtəsisçisi Stiv Voznyak, «FutureThink» şirkətinin direktoru Liza Bodel, «Shazam»ın yaradıcısı Kris Barton, «Tesla»nın həmtəsisçisi JB Straubel, Azərbaycan Prezidentinin köməkçisi, Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov, «PAŞA Holding»in Baş direktoru Cəlal Qasımov, «Kapital Bank»ın İdarə heyətinin sədri Fərid Hüseynovun, «Bakcell»in Baş direktoru Klaus Müller, «Trendyol»un Azərbaycandakı baş meneceri İrem Çağrı Yılandil, Azərbaycan Mərkəzi Bankının icraçı direktoru Fərid Osmanov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, «Paşa Holding»in Baş direktorunun müavini Fərid Məmmədov və başqaları çıxış edəcəklər.
Eləcə də tədbirdə Özbəkistanın rəqəmsal texnologiyalar naziri Şerzot Şermatov, Türkiyənin texnologiyalar nazirinin müavini Zakariya Çoştu, «Freedom Holding»in CEO-su Timur Turlov və çoxsaylı texnologiya rəsmiləri iştirak edəcək.
Sammitin birinci günü «Apple» şirkətinin həmtəsisçisi Steve Wozniak-ın təqdimatı ilə start götürəcək. «InMerge İnnovasiya Sammiti»inin təşkilatçısı «PAŞA Holding»dir.