"Apple" səhmləri 3 təchizatçısının satışların aşağı enməsi ilə bağlı narahatlığından sonra ucuzlaşıb.
FED.az xəbər verir ki, şirkətin səhmləri bazar ertəsi günü son 3 ayın minimumuna enib.
Belə ki, ən son nəsil "iPhone"larda "Face ID" texnologiyasının əsas tədarükçüsü olan "Lumentum Holdings" dünən gəlirləri üzrə proqnozunu təxminən 70 milyon dollar azaldıb, bu isə "Apple" səhmlərinin daha 5% və ya bazar dəyərinin 50 milyard dollar ucuzlaşmasına səbəb olub. Şirkətin digər təchizatçıları da gəlir gözləntilərini azaldıb.
Qeyd edək ki, hal-hazırda "Nasdaq" birjasında "Apple" səhmlərinin dəyəri 194,17 dollardır.
Həmçinin, "Apple" bayram satışlarının "Wall Street" analitiklərinin gözləntilərindən aşağı olacağını ehtimal edib və bunu inkişaf etməkdə olan bazarlarda valyutaların ucuzlaşması ilə əlaqələndirib.