2025-ci ilin may ayı üzrə mobil telefon bazarının pay bölgüsü açıqlanıb. Rəqəmlər Azərbaycanda istifadəçilərin seçim vərdişlərində nəzərəçarpacaq dəyişikliklərin baş verdiyini göstərir.
Azərbaycanda uşaqların tiktoka girişinin qadağan edilməsi təklif olunur
FED.az xəbər verir ki, ən böyük sürprizlərdən biri isə Apple markasının bazar payının ciddi şəkildə azalması olub.
May ayının lideri ötən ay olduğu kimi Samsung markasıdır. Şirkətin bazar payı aprel ayındakı 27.68%-dən 30.77%-ə yüksəlib. Bu, 3.09 faiz bəndi artım deməkdir. Samsung-un irəliləyişi, yeni modellərin uğurlu təqdimatı və geniş yayılmış distribyutor şəbəkəsi ilə əlaqələndirilir.
İkinci yerdə qərarlaşan Xiaomi markası da diqqətçəkən artım nümayiş etdirib. Apreldə 23.29% olan bazar payı may ayında 26.22%-ə yüksəlib. Xiaomi xüsusilə gənc istifadəçilər və büdcəyə uyğun modellər axtaran müştərilər arasında populyarlığını artırmaqdadır.
Ən kəskin geriləmə isə Apple markasında müşahidə olunub. Şirkət aprel ayında 18.85% bazar payına sahib idisə, may ayında bu göstərici 13.74%-ə qədər geriləyib – bu, 5.11 faiz bəndi azalma deməkdir. Bu vəziyyət qiymətlərin yüksək olması ilə əlaqələndirilir.
Naməlum və qeydə alınmamış cihazlar qrupuna daxil edilən “Unknown” kateqoriyasının da bazardakı payı azalıb – 18.41%-dən 16.37%-ə. Bu da 2.04 faiz bəndi azalma deməkdir. Bu geriləmə, ehtimal ki, daha çox rəsmi satış kanallarının aktivləşməsi ilə bağlıdır.
Bunun əksinə olaraq, Honor markası apreldəki 4.94%-lik payını mayda 6.17%-ə yüksəltməyi bacarıb. Artım 1.23 faiz bəndidir. Huawei-dən ayrıldıqdan sonra müstəqil fəaliyyətə başlayan Honor, tədricən mövqeyini bərpa edir.
Digər daha kiçik brendlər olan Infinix və OPPO da cüzi artım nümayiş etdiriblər. Infinix may ayında 1.29%-ə, OPPO isə 0.85%-ə yüksəlib. Bu brendlərin artımı bazarın daha ucuz seqmentindəki rəqabətin qızışdığını göstərir.
Ümumilikdə, may ayında orta və büdcə seqmentinə aid telefonların üstünlük təşkil etdiyi müşahidə olunub. İstifadəçilərin qiymət/keyfiyyət nisbətinə daha çox önəm verməsi, Apple kimi premium brendlərin bazar payında azalmaya səbəb olub.
Növbəti ayların göstəriciləri mobil texnologiya bazarının necə formalaşacağını göstərmək baxımından maraqla gözlənilir.