İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azexport.az portalı və VİSA İnternationalın birgə təşkilatçılığı ilə "Rəqəmsal ödənişlərin inkişafı" mövzusunda təlim keçirilib. FED.az xəbər verir ki, təlim, mərkəzi ofisi Vaşingtonda yerləşən Visa School of Public Policy (VSPP) institutunun ekspertləri tərəfindən aparılıb.
25-dən artıq şirkət nümayəndəsi və sahibın iştirak etdiyi təlimdə əsas məqsəd, VİSA İnternationalın rəqəmsal və nağdısız ödənişlərlə bağlı dünyada tətbiq etdiyi yeniliklərin Azərbaycan sahibkarları ilə də bölüşərək elektron ticarət dövriyyəsinin daha da sürətləndirilməsi üçün maarifləndirməni təmin etmək olub.
Qeyd edək ki, Visa İnternational və İİTKM arasında imzalanan əməkdaşlıq haqqında Memorandum çərçivəsində xüsusi ilə iqtisadiyyatın rəqəmsallaşdırılması istiqamətində bir sıra birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Bunlardan “Visa Touch” texnologiyasının tətbiqi, nəqliyyat və ticarət sistemində kontaktsız kartların tətbiqi o cümlədən “Apple Pay”, “Google Pay” və “Samsung Pay” platformalarının Azərbaycana gətirilməsini qeyd etmək olar.
Təlimin sonunda iştirakçılara VSPP tərəfindən sertifikatlar təqdim edilib.