Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsinin qalibləri elan edilib. FED.az xəbər verir ki, bu dəfə müsabiqədə müxtəlif sahələri əhatə edən 5 layihə qalib gəlib. Nazirlikdən bildirilib ki, bunlar “Sletti”, “Ağıllı oyuncaqlar”, “www.joinb2b.com”, “Məktəbə hazıram” və “Virtual cərrahiyyə” startaplarıdır. Sözügedən layihələr bir sıra maraqlı ideyalara əsaslanıb. Nazirlik FED.az-ın sorğusuna cavab olaraq layihələrin detallarını açıqlayıb.
“Sletti” - mobil tərcüməçi
Müsabiqə qaliblərindən olan “Sletti” mobil tətbiqi tərcüməçi ilə dinləyici arasında rəqəmli əlaqə yaradır, bütün tərcümə prosesini rəqəmli şəkildə sinxron olaraq təmin edir. Layihə 2 istiqamətdə - “Tədbirlər üçün tərcümə” və “Fərdi tərcümə” funksionallığını özündə cəmləyir. Tətbiqdə tərcümə olunmuş səsi yadda saxlamaq, önəmli anları işarələmək, tərcümə zamanı şərh yazmaq və tərcüməçini qiymətləndirmək imkanları mövcuddur.
Nağıl danışan «Ağıllı oyuncaqlar»
“Ağıllı oyuncaqlar” layihəsinin isə əsas məqsədi uşaqların əylənərək öyrənmə və ana dilinin təkmilləşdirilməsinə şərait yaratmaqdan ibarətdir. Sistem oyuncaq daxilindəki kontrollerdən, mobil telefonlar üçün tətbiqdən və back-end serverdən ibarətdir. Oyuncaq üzərində olan düymə vasitəsilə oyuncaq daxilində “bluetooth”u yandırmaq və mobil telefon ilə əlaqə yaratmaq lazımdır. Mobil tətbiq back-end serverə qoşularaq burada mövcud nağılların siyahısını, informasiyaları və s. götürür. Valideyn siyahıdan istədiyi məlumatı götürdüyü zaman həmin məlumat avtomatik olaraq oyuncağın yaddaşına yazılır. Hazır məlumatlardan başqa, valideyn həmçinin, istədiyi məlumatın oyuncaqda səsləndirilməsini təşkil edə bilər.
Biznes tərəfdaş platforması
Kommersiya şirkətlərinin biznes şəbəkəsi olan “www.joinb2b.com” biznes tərəfdaşları tapmaq baxımından faydalı hesab olunur. “www.joinb2b.com” şəbəkəsi ona qoşulmuş şirkətləri onların tələblərinə uyğun gələn şirkətlərlə birbaşa və vasitəçisiz əlaqələndirmək funksiyasını yerinə yetirəcək. Bu platforma kommersiya şirkətlərinə yerləşdiyi və hədəf ölkəni, şəhəri, fəaliyyət sahəsini, eləcə də B2B məqsədlərini seçərək istədiyi şirkətləri tapmaq imkanı yaradır.
“www.joinb2b.com” şirkətlərlə yanaşı xidmət, məhsul və tenderləri tapmaq imkanları ilə istifadəçilərin işini asanlaşdırır.
Uşaqları məktəbə hazırlayan layihə
“Məktəbə hazıram” layihəsi məktəbə hazırlıq, yəni 3-6 yaş qrupuna aid olan uşaqların zehni inkişafını sürətləndirmək, onların əylənərək öyrənməsini, məktəbə tam hazır şəkildə yetişməsini və texnoloji avadanlıqlardan daha səmərəli istifadəsini təmin etmək məqsədi daşıyır.
Bu layihə çərçivəsində hazırlanmış məhsulun tərkibində olan öyrədici oyunlar rəqəmləri, ilkin riyazi hesablamaları, fiqurları, Azərbaycan dili əlifbasının öyrənilməsini və rəngləmə kimi bir çox xüsusiyyətləri uşaqlara fərqli dizaynda əyləncəli və cəlbedici şəkildə çatdıracaq.
«Virtual cərrahiyyə»
Qalib layihələrdən olan “Virtual cərrahiyyə” müasir texnologiyaların tətbiqi ilə daha dəqiq və effektiv cərrahi əməliyyat modelinin hazırlanmasına xidmət edir.
Belə ki, KT (kompüter tomoqrafiyası) və ya MRT (maqnit rezonans tomoqrafiyası) müayinələrinin 3D formatı və cərrahi əməliyyatın virtual planlaşdırma sxemi xüsusi holoqrafik cihaza ötürülür. Bundan sonra cərrah artırılmış reallıq eynəyi taxaraq onun kompüterində olan məlumatı xüsusi proqram təminatı ilə əməliyyat sahəsinə yerləşdirir. Beləliklə, cərrah əməliyyat sahəsinin real görüntüləri ilə yanaşı, gözə görünməyən anatomik strukturların 3D formatda radioloji görüntüsünü əldə edir.
«Ağıllı» oyuncaq, biznes tərəfdaş və başqaları... - AZƏRBAYCANDA 5 MARAQLI STARTAP
15:48
26 İyul 2018