Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən açıq məkanda yerləşdirilən reklam daşıyıcılarının qanunvericiliyə müvafiq olaraq texniki tələblərə və estetik görünüşə uyğunlaşdırılması istiqamətində sistemli tədbirlər davam etdirilir.
FED.az xəbər verir ki, açıq məkanda yerləşdirilən reklam qurğularının Azərbaycan Nazirlər Kabinetinin 16 dekabr 2022-ci il tarixli 499 nömrəli qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına texniki tələblər”ə uyğunlaşdırılması prosesi regionlar üzrə mərhələli şəkildə həyata keçirilir. Növbəti belə tədbir Gəncə şəhərində icra olunub, reklam daşıyıcıları texniki parametrlər, təhlükəsizlik göstəriciləri və şəhərsalma prinsipləri nəzərə alınmaqla yenilənib, eyni zamanda şəhərin memarlıq-estetik simasına uyğunlaşdırılıb.
Görülən tədbirlər açıq məkandakı reklam mühitində vizual çirklənmənin qarşısının alınmasına, şəhərin estetik bütövlüyünün təmin olunmasına, həmçinin reklam qurğularının xarici görünüşü və təhlükəsizliyinə xidmət edir.
ADRA tərəfindən həyata keçirilən bu fəaliyyət açıq məkandakı reklam sahəsində hüquqi tənzimləmələrin tətbiqini gücləndirməklə yanaşı, şəhərlərin memarlıq görünüşünün qorunması və müasir tələblərə cavab verən reklam infrastrukturunun formalaşdırılması məqsədinə yönəlib.