Vətəndaş məmnunluğunu artırmaq və açıq məkanda yayımlanan reklamlara dair daha rahat, müasir və çevik rəqəmsal müraciət imkanları yaratmaq məqsədilə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) rəsmi internet səhifəsində yeni – “Açıq Məkanda Reklama İctimai Nəzarət” adlı bölməni istifadəyə verib (https://adra.gov.az/az/melumatlar/aciq-mekanda-reklama-ictimai-nezaret).
FED.az xəbər verir ki, yeni rəqəmsal platforma vətəndaşlardan daxil olan müraciətlərin operativ emalını və təhlilini təmin etməklə açıq məkanda yayımlanan reklamların məzmunu, estetik görünüşü və təhlükəsizliyi ilə əlaqədar ictimai nəzarəti gücləndirməyə, proseslərin şəffaflığını və əlçatanlığını artırmağa xidmət edir. Vətəndaşlar açıq məkanda yayımlanan reklamlara dair təkliflər, şikayətlər, təşəkkürlər, sorğular və fotomaterialları elektron formada Agentliyə operativ və rahat göndərə biləcəklər. Bu imkan açıq məkandakı reklamlara nəzarətin daha effektiv təşkilinə, müraciətlərin çevik emalına və proseslərin əlavə resurs tələb etmədən optimallaşdırılmasına şərait yaradır.









