Azərbaycan ABŞ şirkəti ilə ölkədə data mərkəz və bulud platformasının qurulmasını müzakirə edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"ABŞ-nin süni intellekt (Sİ) sahəsində ixtisaslaşmış "Haimaker" şirkətinin baş icraçı direktoru cənab Su Le ilə görüşümüzdə Azərbaycanda Sİ infrastrukturunun yaradılması imkanlarını müzakirə etdik. Bu istiqamətdə strateji təklifləri, Ələt Azad İqtisadi Zonasında data mərkəz və bulud platformasının qurulması, əməkdaşlığın hüquqi əsaslarının təşkili və texnologiyaların transferi istiqamətində işbirliyi perspektivlərini nəzərdən keçirdik", - məluamtda qeyd edilib.
Xatırladaq ki, ABŞ-nin süni intellekt sahəsində fəaliyyət göstərən "Haymaker" şirkəti Silikon Vadisində yeni nəsil süni intellekt infrastrukturuna fokuslanmış strateji və qapalı müəssisələrdən biri hesab olunur.
2023-cü ildə yaranan və baş ofisi San-Fransiskoda yerləşən şirkətin əsas fəaliyyət sahəsi süni İntellekt (Aİ) infrastrukturu, böyük dil modellərinin (LLM) optimallaşdırılması və "Enterprise AI"dir (şirkətlər üçün Süni intellekt).
"Haymaker" şirkəti böyük Aİ modellərinin təlimi (training) zamanı tələb olunan nəhəng hesablama gücünü (GPU resurslarını) daha səmərəli idarə edən proqram təminatı hazırlayır. Bu Aİ sənayesinin "mühərrikini" quran, korporativ və dövlət sektoruna fokuslanmış yüksək texnologiya şirkətidir.
Şirkət hələ yeni olmasına baxmayaraq, Silikon Vadisinin ən güclü vençur fondları tərəfindən maliyyələşdirilir. Onların investorları arasında Andreessen Horowitz (a16z) və Founders Fund kimi nəhənglərin adı keçir. Bu, şirkətin texnoloji bazasının çox ciddi olduğunun göstəricisidir.













