İnformasiya-kommunikasiya texnologiyalarının insan həyatının bütün sahələrinə sürətlə nüfuz etdiyi
dövrdə cəmiyyətin rəqəmsal savadının artırılmasını öz fəaliyyətinin ən prioritet istiqamətlərinin birinə
çevirən Azercell Telekom növbəti təşəbbüslərlə çıxış etməyə davam edir. Bu il paytaxt Bakıda keçiriləcək
dünyada kompüter elmi sahəsində gənclər arasında ən nüfuzlu yarışlardan hesab olunan 31-ci
Beynəlxalq İnformatika Olimpiadasında Azercell şirkəti İstedadların Rəqəmsal Sponsoru qismində təmsil
olunacaq. Xatırladaq ki, 2017-ci ildən etibarən Azercell şirkəti Təhsil Nazirliyi ilə birgə Barama İnnovasiya
və Sahibkarlıq Mərkəzi vasitəsilə azərbaycanlı olimpiyadaçılar üçün xüsusi hazırlıq məşğələlərinin
təşkilində iştirak edir. İstedadların Rəqəmsal Sponsoru olmaqla yanaşı, Azercell şirkəti həm də
yarışmaçılar və onları müşayiət edən heyəti Azərbaycanda olduqları müddət ərzində mobil internet və
xüsusi hədiyyələrlə də təmin edəcək.
Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA
Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə
keçirilir. Əlavə olaraq, Olimpiadanın rəsmi Qlobal Sponsoru qismində Acer şirkəti və İstedad Sponsoru
qismində PAŞA Bank çıxış edir.
1989-cu ildən etibarən keçirilən Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın bir çox
ölkəsindən məktəblilərə bilik və bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. Bundan əvvəl Olimpiada
dünyanın 30-a yaxın ölkəsində baş tutmaqla Zaqreb, Tehran, Afina, Qahirə, Almatı, Kazan və s.
şəhərlərində keçirilib. Bu il ölkəmizdə baş tutacaq Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün
Azərbaycan komandası da daxil olmaqla, 88 ölkədən 600-dən çox şagird, müəllim və ekspertdən ibarət
rəsmi nümayəndə heyətləri qeydiyyatdan keçmişdir. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər
24 dəfə təmsil edən Azərbaycan komandaları müxtəlif illərdə 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə,
5 medal qazanıb.
Xatırladaq ki, Azercell Telekom yarandığı vaxtdan ölkədə gənc nəslin inkişafına, məktəbli və
tələbələrin müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılmasına, eləcə də, ölkədə informasiya-
kommunikasiya, kompüter mühəndisliyi istiqamətində kadrların yetişməsinə xüsusi proqramlar, yerli və
beynəlxalq müsabiqələr səviyyəsində öz dəstəyini göstərməkdə davam edir.
88 ölkədən Bakıya gələn Olimpiadaçı İstedadların Rəqəmsal Sponsoru Azercell
09:49
1 Avq 2019