İqtisadiyyat Nazirliyinin tabeliyində olan Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə “Binance” şirkəti ilə Azərbaycanda metakainat texnologiyalarını inkişaf etdirəcək.
4SİM və Binance şirkətinin rəhbərliyi arasında görüş baş tutub - FOTOLAR
FED.az xəbər verir ki, bununla bağlı 4SİM ilə "Binance" arasında Bakıda keçirilən "Chain Reaction 2024" forumu çərçivəsində Anlaşma Memorandumu imzalanıb.
Memorandumu 4SIM-in icraçı direktoru Fariz Cəfərov və "Binance"ın regional bazarlar üzrə rəhbəri Vişal Saçindran imzalayıb.
Memorandumun əsas istiqamətlərini açıqlayan 4SİM-in icraçı direktoru Fariz Cəfərov qeyd edib ki, buraya metakainat, blokçeyn və "Web3" texnologiyalarının Azərbaycanda inkişafı, həmçinin süni intellekt, NFT və oyun sənayesində istifadə olunan virtual alətlər, rəqəmsal aktivlər və ödəniş sistemləri ilə bağlı müxtəlif təhsil proqramlarının tətbiqi daxildir: "Əməkdaşlığımızın əsas elementlərindən birinə dünyada 20 milyondan çox istifadəçisi olan "Binance Academy" platformasının proqramlarını Azərbaycan bazarına uyğunlaşdıraraq vətəndaşlarımızın bu texnologiyalar haqqında məlumatlılığını artırmaqdır. Bundan əlavə, 4SIM universitetlərlə sıx əməkdaşlıq qurmağı və birgə təhsil proqramları həyata keçirməyi planlaşdırır".
O əlavə edib ki, həm yerli, həm də beynəlxalq tərəfdaşların iştirakı ilə onlayn və oflayn konfranslar, təlimlər və seminarlar təşkil olunacaq. (Report)