Bu ilin avqust ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən 39 kiberhücum indikatoru müəyyən edilib.
FED.az xəbər verir ki, bu barədə XRİTDX məlumat yayıb.
Bildirilib ki, sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT (“Advanced Persistent Threat”) kiberhücumların qarşısı alınıb.
Avqust ayı ərzində XRİTDX tərəfindən görülmüş tədbirlər nəticəsində “AzStateNet” şəbəkəsi üzrə 31,759,074 zərərli keçid, “Sandbox” mühafizə sistemi vasitəsilə 8,408 zərərverici tərkibli elektron sənəd, həmçinin dövlət qurumlarının son istifadəçilərinin qoşulduğu mərkəzləşdirilmiş təhlükəsizlik həlli üzrə 2,850,500 zərərli fəaliyyət bloklanıb.
Bununla yanaşı kiberkəşfiyyat imkanlarından istifadə etməklə avqust ayı ərzində dövlət qurumlarının domenlərinə bənzədilmiş 2 saxta domen aşkarlanaraq bloklanması həyata keçirilib.
XRİTDX informasiya təhlükəsizliyi sahəsində davamlı və qabaqlayıcı tədbirlər həyata keçirməklə dövlət qurumlarının rəqəmsal mühitdə fasiləsiz və təhlükəsiz fəaliyyətini etibarlı şəkildə təmin etmək istiqamətində işləri davam etdirir.