“Azercell Telekom” MMC-nin dəstəyi ilə yaradılan və fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti 2019-cu ilin yanvar, fevral, mart ayları üzrə hesabatını açıqlayıb. Hesabata əsasən bu ilin I rübündə xidmətdən 801 uşaq yararlanıb. Yanvar ayında “Uşaq Qaynar Xətt” xidmətinə ümümilikdə 239, fevral ayında 345, mart ayında isə isə 217-i müraciət daxil olub. Onlardan 491-i təhsil, 50-si sosial, 67-si psixoloji, 77-si hüquqi, 29-u səhiyyə, 87-si isə digər sahələrdə yaranan sualları əhatə edib. Qeyd edək ki, “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə daxil olan zənglərin 437-si qızlar, 364-ü isə oğlanlara aiddir.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətin yaradılmasında əsas məqsəd ailədə zorakılığa məruz qalan, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək olmaq, onlara problemlərinin həllinin tapılmasına, sosial mühitə uyğunlaşmalarına yardım etməkdir. “Uşaq Qaynar Xətt”inin dünyanın istənilən nöqtəsində əlçatan olmasını təmin etmək üçün, Azercell şirkətinin təşəbbüsü ilə 2017-ci ildə İOS və Android əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilib. 2018-ci ilin iyun ayının 13-dən isə xidmətin Göygöl ofisi fəaliyyətə başlayıb. Mərkəz yalnız Göygöl rayonu üçün deyil, eyni zamanda yaxın ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Ağstafa) yaşayan uşaqlara da xidmət göstərir. “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin işçi heyəti uşaqlarla iş sahəsində geniş təcrübəyə malik olan psixoloqlar, hüquqşünaslar və sosial işçilərdən ibarətdir.
“Azercell Telekom” MMC-nin dəstəyi, “Ümidli Gələcək İctimai Birliyi”nin təşkilatçılığı ilə 24 saat fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. Uşaqlara (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80 və (051) 580 22 80 nömrələri ilə günün istənilən saatında Qaynar Xətt Xidmətinə müraciət etmək imkanı yaradılıb. “Uşaq Qaynar Xətt” xidməti haqqında ətraflı məlumatı www.usaqxetti.az internet səhifəsindən əldə edə bilərsiniz.
2019-cu ilin ilk 3 ayında “Uşaq Qaynar Xətt” xidmətinə 801 müraciət daxil olub
16:47
23 Aprel 2019