Aprelin sonunda, bir sözlə ötən günlərdə Əqli (intellektual) Mülkiyyət üzrə Ümumdünya Təşkilatı yeni patentlərin sayına görə ölkələrin reytinqini tərtib edib.
FED.az biznes və maliyyə xəbərləri portalı digitalazerbaijan.az-a istinadən xəbər verir ki, ekspertlərin qiymətləndirməsinə görə 2019-cu ildə bütün dünya üzrə patentlərin qeydiyyata alınması ilə bağlı bütövlükdə 265 800 ərizə ilə müraciət edilmişdir. Ərizələrin sayı ötən illə müqayisədə 5,2% çoxdur. İlk dəfə olaraq Çin ABŞ-ı qabaqlayaraq reytinqdə liderliyi ələ ala bilmişdir. Ötən ilə qədər liderliyi 40 ildən çox idi ki, ABŞ qoruyub saxlayırdı. İlk onluğa daxil olan ölkələrin siyahısı isə aşağıdakı kimidir:
1. Çin – 58 990 patent
2. ABŞ- 57 840
3. Yaponiya- 52 660
4. Almaniya- 19 353
5. Cənubi Koreya- 19 085
6. Fransa- 7 934
7. Britaniya – 5 786
8. İsveçrə- 4 610
9. İsveç- 4 185
10. Niderland ( keçmiş Hollandiya)- 4 011
Araşdırmanın məlumatına görə patentin qeydiyyata alınması ilə bağlı təqdim edilmiş sənədlərin 52,4%-ə yaxını Asiya ölkələrinin payına düşür. Avropa və Şimali Amerikanın hər birinin payı 25%-dən az təşkil etmişdir.
Hesabatda ekspertlər Yaponiyanı xüsusi qeyd etmişlər. Belə ki, bu gündoğan ölkə elmi-tədqiqat xüsusilə yüksək texnologiyalar və robototexnika sahəsində lider ölkələrdən biri hesab edilir. Elmi-tədqiqat və işlənmə (research and development) büdcəsi 130 milyard ABŞ dolları təşkil edir. Tədqiqat araşdırma işində Yaponiyada 700 000 alim işləyir.