Mayın 30-da ABŞ-ın Kannaveral burnundakı kosmodromundan tarixdə ilk dəfə olaraq özəl şirkətin pilotlu raketi kosmosa yola salınıb.
FED.az xəbər verir ki, məşhur milyardçı və ixtiraçı İlon Maskın «Crew Dragon» raketi 9 ildən sonra ABŞ kosmonavtlarını kosmosa çıxaran ilk yerli raket olub. Raketin pilotları Daq Xerli və Bob Benken –NASA-nın təcrübəli astronavtlarıdır, onlar artıq iki dəfə kosmosda olublar. İndi də yeni raket onları Beynəlxalq Kosmik Stansiyaya çatdıracaq.
«Crew Dragon»un uçuşunu kosmodrom ətrafında 150 min nəfər, sosial şəbəkə və TV-lərdən isə dünyanın hər yerindən milyonlarla insan izləyib.
Uçuşu müşahidə etməyə ABŞ prezidenti Donald Tramp və vitse-prezident Maykl Pens də gəlib.
Raketin uçuşu artıq bir dəfə mayın 27-də havanın əlverişsiz olmasına görə təxirə salınmışdı. Məsələ bundadır ki, ABŞ-da belə uçuşlara görə hava ilə bağlı ciddi tələblər var. Belə ki,
- kosmodromda havanın temperaturu starta 24 saat qalmışa qədər 5 dərəcədən aşağı düşməməlidir.
- raketlərə yanacaq vurulandan 30 dəqiqə sonra isə temperatur 37 dərəcəni keçməməlidir.
- yanacaq vurulmasına başlanandan 3 saat ərzində küləyin sürəti saatda 77 kilometri, yəni saniyədə 21-22 metri keçməməlidir.
- start meydançasında və uçuş trayektoriyasında qar, yağış, ildırım və şimşək olmamalıdır.
Yeri gəlmişkən, bu uçuş zamanı rus ekspertlər bu detala diqqəti çəkərək rus raketlərinin hava şəraitinə daha dözümlü olduğunu xüsusi qeyd ediblər. «Roskosmos»un rəhbəri Dmitri Roqozin bildirib ki, ötən il oxşar raket hətta ildırım vurandan sonra da uçuşunu davam etdirib.
Amma bu məqam, «Crew Dragon»un - İlon Maskın «Əjdaha»sının əhəmiyyətini azaltmır. Əksinə, budəfəki uçuş bəzi məqamlara görə tarixi sayılır.
Əvvəla, son 9 ildə ilk dəfə olaraq ABŞ kosmonavtları Amerika torpağından və ABŞ raketi ilə uçurlar, ilk dəfədir ki, özəl raket kosmosa insan daşıyacaq. Nəhayət ilk dəfədir ki, insanlar kosmosa, bir hissəsi geri qayıdan raketlə uçurdular. Artıq bu raketin də birinci pilləsi sağ-salamat yerə qayıdıb. Yəni ondan yenə istifadə etmək olar və bu məqam uçuşun xərclərini və maya dəyərini aşağı salır.
ABŞ-ın bu uçuşdan qazandığı təkcə öz raketi ilə uçması deyil, İlon Maskın layihəsi ABŞ-ın kosmos xərclərini, daha dəqiqi, bu sahədə xidmətlərə görə, ABŞ-ın Rusiyaya ödənişlərini azaldacaq. Belə ki, indiyədək amerikalılar kosmosa Rusiya təyyarələri ilə uçurdular – qiymətlər ucuz deyildi – sonuncu uçuşlarda 1 kreslo 86 milyon dollar idi. Ümumilikdə 90-cı illərin ortalarından ABŞ öz kosmonavtlarının uçuşuna görə Rusiyaya 4 milyard dollar ödəyib. Artıq ekspertlər bildirir ki, yeni raketin işə düşməsi Rusiya tərəfini bu gəlirlərdən məhrum edəcək və «Roskosmos»un gəlirlərinə mənfi təsir edəcək.
Rusiya asılılığından azad olmaq üçün NASA rəhbərliyi 2014-cı ildə bu işi ABŞ-ın özəl şirkətlərinə – İlon Maskın «SpaceX» şirkəti və «Boeing»ə tapşırıb. Bu şirkətlərə 2,6 mlrd və 4,2 mlrd vəsait ayrılıb. «SpaceX»ə ona görə az pul ayrılıb ki, onların artıq yük raketi var idi. «Boeing» isə raketi sıfırdan yaratmalı idi. Amma sınaqlar zamanı «Crew Dragon» layihəsi daha uğurlu oldu, onun bütün sınaq uçuşları uğurlu keçdi. «Boeing»in «Starliner» raketi isə 2019-cu ilin dekabrında sınaq uçuşunda uğursuz oldu və pilotsuz raket Beynəlxalq Kosmik Stansiyaya birləşə bilməmişdi.