“Avropa şəhərləri arasında fərq qoymaq olmaz. İstənilən şəhər belə yüksək oyunları qəbul edə bilər. Bakı qonaqpərvər şəhərdir və bura gələn ikinci dəfə də gəlmək istəyəcək. Şəhərimizin gözəlliyindən hamı zövq alacaq. Düşünmürəm ki, kimsə narazı qalsın”.
FED.az xəbər verir ki, bu sözləri “Sky Sport”a müsahibəsində Gənclər və İdman naziri Azad Rəhimov deyib.
Bakının gözəlliyindən danışan nazir hava limanında hər hansı problemin ortaya çıxmayacağını və azarkeşlərin narazı qalmayacağını da bildirib.
Eləcə də bax: Azərbaycanlıların Çinin bu şəhərinə girişi - QADAĞAN EDİLDİ
“Hava limanımız 2 saat ərzində 10 minə qədər sərnişin qəbul etmək qabiliyyətinə malikdir. Bunu Azərbaycan Hava Yolları da rəsmi şəkildə açıqlamışdı. İnsanları, turistləri hava limanında gözlətməyəcəklər, viza zamanı problemlər ortaya çıxmayacaq. Bunlar hamısı 25-30 saniyə ərzində bitəcək proseslərdir”.
Azad Rəhimov təhlükəsizlik baxımından hər şeyin qaydasında olacağını da sözlərinə əlavə edib:
“Təhlükəsizlik xidməti əməkdaşları xeyli təlimlər keçiblər. Stüardlar problemləri həll edəcək təcrübəyə sahibdirlər. Bizim fikrimiz azarkeşləri rahat qarşılamaq və onların narazı olmaması üçün hər şeyi etməkdir. “Arsenal” və “Çelsi” fanatları düşmən deyil və ciddi problem olmayacaq”.
Qeyd edək ki, “Arsenal” – “Çelsi” matçı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.